...

Azərbaycanda fəaliyyət göstərən xarici şirkət azərbaycanlı qadını hamilə olduğu üçün işdən azad edib

Cəmiyyət Materials 10 Sentyabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , K. Zərbalıyeva/ Böyük Britaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi azərbaycanlı qadını hamilə olduğu üçün işdən azad edib.

Rəna Əliyeva bu ilin fevralından "Baker Filly Azerbaijan" şirkətində kadrlar idarəsinin rəhbəri vəzifəsində çalışıb və 600 manat əmək haqqı alıb. Şirkətin rəhbərliyi iyunun 8-də qadının hamilə olduğunu biləndən sonra onun vəzifəsini ixtisar edib və Əliyevanı işdən çıxarıb.

Əliyevanın vəkili İradə Cavadova Trend -a bildirib ki, şirkət rəhbərliyi xərclərinin artmasını əsas gətirərək Əliyevanın tutduğu vəzifənin ixtisar olunduğunu iddia edir.Vəkilin sözlərinə görə, əslində əsas səbəb xanımın hamilə olması olub.

"Azərbaycanın əmək qanunvericiliyinin tələbinə görə, hamilə qadın və 3 yaşınadək uşağı olan analar müəssisə ləğv olunduğu zaman ixtisara düşür", - deyə vəkil vurğulayıb.

Azərbaycanın əmək qanunvericiliyinin xarici şirkətlər tərəfindən kobud şəkildə pozulduğunu deyən vəkilin sözlərinə görə, bu sırada hamilə qadınlar üstünlük təşkil edir.

Əliyeva hamilə olması səbəbindən işdən azad olunduğunu biləndən sonra səhhəti pisləşdiyindən bir neçə gün işə çıxa bilmir. Müalicə olunması səbəbindən işə çıxmaması barədə arayış təqdim edəndə şirkət rəhbərliyi Əliyevanın iyunun 9-dan işdən çıxarıldığını bildirir.

Əliyeva hüquqlarının müdafiəsi üçün Bakının Yasamal rayon məhkəməsinə işinə bərpa olunması, işləmədiyi günlərin əmək haqqının, vurulmuş mənəvi ziyanın və məhkəmə xərclərinin ödənilməsi barədə şirkətə qarşı iddia qaldırır. Hazırda bu şikayətlə bağlı Yasamal rayon məhkəməsində proses davam edir.

Cavadovanın sözlərinə görə, işəgötürən prosesin gedişində məhkəməyə şirkətin xərclərinin artması səbəbindən Əliyevanın aprel ayında işdən azad olunması barədə saxta qərar təqdim edib.

Vəkil bildirib ki, proses zamanı şirkətin nümayəndəsi Əliyevanın başqa işə götürülməsi, azmaaşlı işə keçirilməsi və bununla da iddiaçı tərəflə barışmaq təklifi irəli sürüb.

Məhkəmə şirkətə bir daha düşünmək üçün vaxt verib və proses sentyabrın 15-dək təxirə salınıb. Şirkətin rəhbəri Kamran Rəhimovdan məsələyə münasibət öyrənmək cəhdimiz baş tutmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti