...

Azərbaycan futbolunun vaxt problemi - Trend News-un idman şərhçisi

Cəmiyyət Materials 11 Sentyabr 2008 15:42 (UTC +04:00)
Azərbaycan futbolunun vaxt problemi - Trend News-un idman şərhçisi

Trend -un idman şərhçisi Rəşad Ergün

Azərbaycan futbolçusu neçə ildən sonra Avropaya meydan oxuyacaq, gücünü göstərəcək? Ümumiyyətlə, bu nə vaxtsa baş verəcəkmi?

Sentyabrın 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Avropada həm ərazisinə, həm də futboluna görə "cırtdan" hesab olunan Lixtenşteynlə oyundan 0:0 hesablı nəticə ilə ayrılan Azərbaycan yığma komandası suyu yenidən bulandırdı, fikirləri qarışdırdı. Bu komanda öz meydanında, minlərlə azarkeşinin dəstəyi altında Lixtenşteyni də məğlub edə bilmirisə, kimi məğlub edəcək? Bəlkə köhnəlməkdə olan yeni baş məşqçini - Almaniyanı 1996-cı ildə Avropa çempionu etmiş Berti Foqtsu istefaya göndərmək lazımdır?

Bir çox mütəxəssislər yığma komandanın DÇ-2010-nun seçmə mərhələsinə Uelsə 0:1 hesabı ilə uduzmaqla, Lixtenşteynlə heç-heçə etməklə start verən millinin uğursuzluğunda baş məşqçinin günahkar olmadığını deyir. Əslində, kökündən yanlış fikirdir.

Bu gün dünya futboluna nəzər saldıqda, həm klubların, həm də yığma komandaların uğurlu çıxış etməsində baş məşqçi amilinin daha qabarıq şəkildə önə çıxdığını görürük. Bir neçə ay əvvəl keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə hamını mat qoyan Rusiya millisi bunun üçün ilk növbədə baş məşqçisi Qus Hiddinkə borcludur. Ondan əvvəl ruslar hansı böyük turnirdə belə çıxış etmişdi? Hiddink Rusiya futbolu üçün çox böyük işlər gördü və görür. Azərbaycan millisinin baş məşqçisi isə...

Azərbaycan yığmasının oyun planında üç böyük problemi var, müdafiə xəttinin etibarlı oynamaması, sürətli hücumların qurulmaması və komandanın böyük qüvvə ilə hücum etmək bacarığının olmaması.

Foqts bu üç problemlə yanaşı, komandanın nizam-intizam məsələlərinə ciddi fikir verməli, cinah müdafiəçilərinin tez-tez hücuma qoşulmasına çalışmalıdır. Bu gün müasir futbolda cinah müdafiəçiləri lazım gələndə cinah hücumçusu bu funksiyanı yerinə yetirir. Roberto Karlos, Kafu, Gökhan Könül kimi futbolçular məhz bu keyfiyyətlərinə görə seçilir və sevilir. Azərbaycan millisində isə cinah müdafiəçilərinin - Rail Məlikovla Nodar Məmmədovun hələ müdafiə olunmaq bacarığını artırmaq lazımdır, o ki qaldı hücuma qoşulmaları ola.

Nəhayət, Foqts Uelslə bərbad oyundan, Lixtenşteynlə biabırçı heç-heçədən sonra "biz çox yaxşı oynadıq" deyib özünə olan hörməti heçə endirmək "taktikasından" əl çəkməlidir. Azərbaycan millisi doqquz il əvvəl 4:0 hesabı ilə məğlub etdiyi Lixtenşteyni Bakıda uda bilmirsə, bu, artıq faciədir, ötən illərin boşa verilməsi deməkdir. Bəlkə də cənab Foqts bunun nə demək olduğunu bilmir və ya qəbul etmir. Amma...

Amma Azərbaycan yığmasının baş məşqçisi bilməlidir ki, sadəcə, vədlər verməklə heç nəyə nail ola bilməz. Karlos Alberto Torres Azərbaycana gələndə "mənə 3-4 il vaxt lazımdır" demişdi. Şahin Diniyev də Torresi baş məşqçi vəzifəsində əvəz edəndə "yığmanın uğur qazanması üçün azı 4-5 il lazımdır" demişdi. İndi də Foqts 3-4 il vaxt istəyir. Görəsən, bu hesabla Azərbaycan futbolunun Avropada söz sahibi olmasını hansı nəslin nümayəndələri görəcək?

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti