...

Azərbaycan Peşəkar Futbol Liqası azarkeşləri qeyri-etik şüarlar səsləndirməməyə çağırıb

Cəmiyyət Materials 21 Oktyabr 2008 13:21 (UTC +04:00)
Azərbaycan Peşəkar Futbol Liqası  azarkeşləri qeyri-etik şüarlar səsləndirməməyə çağırıb

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev hesab edir ki, futbol azarkeşlərinin stadionlarda qeyri-etik şüarlar səsləndirməsinin qarşısını almaq çətin məsələdir.

"Bu gün bütün dünyada azarkeşlərin həm irqçi, həm də qeyri-etik şüarlar səsləndirməsinin qarşısını almaq üçün çıxış yolları axtarırlar. Təəssüf ki, Azərbaycan Premyer-Liqasının son turunda keçirilən "Xəzər-Lənkəran" - "Neftçi" oyununda da yerli azarkeşlər rəqib komandanın ünvanına belə qeyri-etik şüarlar səsləndirirdi", -çərşənbə axşamı Trend -a Musayev deyib.

Lənkəranda keçirilən oyunda "Xəzər-Lənkəran" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Oyunun gedişində Lənkəran klubunun azarkeşləri "Neftçi"nin ünvanına qeyri-etik şüarlar səsləndiriblər. Bu komandalar arasında keçirilən oyunlarda belə hallar tez-tez baş verir.

Musayev bildirib ki, azarkeşlərin qeyri-etik şüarlar səsləndirməsinin qarşısını almaq klub rəhbərliyinin işidir.

"PFL bu məsələ ilə bağlı hansısa inzibati tədbirlər görə bilər. Amma inanmıram ki, bu tədbirlər problemi həll etsin. Bunun üçün klub rəhbərliyi azarkeşlər arasında maarifləndirmə işini gücləndirməlidir", - deyə PFL-in prezidenti əlavə edib.

Musayev deyib ki, futbol azarkeşləri stadionlarda qeyri-etik şüarlar səsləndirdiyi üçün Azərbaycan Premyer-Liqasının oyunlarını izləyənlər arasında qadınlar olmur: "Stadionlarda nə qədər çox azarkeş olsa, bir o qədər yaxşıdır. Amma azarkeşlərimizin söyüş söyməsinə görə, qadınlar stadionlara gəlmirlər".

Musayev PFL-in prezidenti vəzifəsinə bir neçə ay əvvəl təyin olunub. O, əvvəllər "Neftçi" klubunda vitse-prezident kimi fəaliyyət göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti