...

Gürcüstan azərbaycanlıları doğma dildə təhsil almaları ilə bağlı ciddi problemlərdən şikayət edirlər

Cəmiyyət Materials 31 Oktyabr 2008 14:36 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları doğma dildə təhsil almaları ilə bağlı ciddi problemlərdən şikayət edirlər

Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir C.Babayeva/ Gürcüstanda yaşayan azərbaycanlılar ilbəil doğma dildə təhsil almaqla bağlı daha ciddi problemlərlə qarşılaşırlar.

"Son tədris illəri ərzində Azərbaycan Təhsil Nazirliyinin Azərbaycan məktəblərinə verdiyi dərsliklərin sayı kəskin azalıb. Əvvəllər 80 min dərslik verilirdisə, bu il onların sayı 22 minədək azalıb. İki azərbaycanlı məktəbliyə bir dərslik düşür", - "Körpü" Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin rəhbəri Ramiz Məmmədov cümə günü Bakıda mətbuat konfransında bildirib.

Azərbaycan Təhsil Nazirliyi 1994-cü ildən Gürcüstandakı Azərbaycan mətkəblərinə dərsliklər verir. Dövlətin nəşr etdiyi dərsliklər pulsuz paylanılır.

Təhsil Nazirliyinin dərsliklər və çap nəşrləri üzrə sektor rəhbəri Faiq Şahbazlı əvvəllər Trend ­-a bildirib ki, Azərbaycanın verdiyi dərs ləvazimatlarının sayının azalması Gürcüstan hökumətinin Azərbaycan mətkəbləri üçün dərsliklər nəşr etməsi ilə bağlıdır.

Məmmədovun sözlərinə görə, son beş ildə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı kəskin azalıb. "Hazırda Gürcüstanda 194 Azərbaycan məktəbindən 112-si fəaliyyət göstərir. Uzun illər ərzində Azərbaycandakı gürcü mətkəblərinin sayı dəyişməz qalıb və 12 məktəb fəaliyyət göstərir. Azərbaycan məktəblərinin sayının azalması Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında razılaşmanın olmaması ilə bağlı ola bilər", - o bildirib.

Məmmədov bildirib ki, azərbaycanlı məktəblilər gürcü məktəblərində təhsil almağa üstünlük verirlər. "Azərbaycan məktəblərini bitirdikdən sonra, maddi çətinliklərlə əlaqədar Azərbaycanın ali təhsil məktəblərində təhsillərini davam etdirə bilmirlər", - o bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan gürcülərin öz vətənlərində pulsuz ali təhsil almağa tam hüquqları var. "Gürcüstan azərbaycanlıları Azərbaycan hökumətindən Gürcüstandakı Azərbaycan məktəblərinin məzunlarının ölkənin ali təhsil məktəblərində pulsuz əsasda təhsil almalarına imkan yaratmağı xahiş edir", - Məmmədov bildirib.

Azərbaycanın "Təhsil haqqında" Qanununa əsasən, xarici ölkə vətəndaşları yalnız öz hesablarına ali təhsil ala bilərlər.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda təxminən 500 min azərbaycanlı yaşayır - əsasən Kvemo-Kartli rayonunda (Borçalı).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti