Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ABŞ - ın analoji qurumunun təcrübəsini öyrənəcək.
Bu məqsədlə Şuranın nümayəndə heyəti - sədr Azay Quliyev, müavin Tahir Süleymanov və katibliyin icraçı direktoru Fərasət Qurbanova noyabrın 27- də ABŞ- ın Sietl şəhərinə səfər edəcəklər,- çərşənbə axşamı Şuradan Trend - a məlumat verilib.
Səfər çərçivəsində onlar ABŞ hökumətinin ictimai sektorla bağlı siyasəti, qrant ayırma üzrə strateji planlaşdırması, layihə təkliflərinin təqdim edilməsi üçün sənədlərin tərtibi və qrantların verilməsi mexanizmləri, qrant almış təşkilatların layihə icrasının monitorinq sistemi, hesabatların təqdim olunması təfsilatları, layihələrin nəticələrinin qiymətləndirilməsi üzrə fəaliyyətlə tanış olacaqlar.
On günlük səfər ABŞ İnkişaf Agentliyinin Counterpart İnternational beynəlxalq təşkilatı tərəfindən təşkil olunub. Səfər proqramına əsasən, nümayəndə heyəti Vaşinqtonun nüfuzlu ictimai strukturlarının rəhbərləri, QHT və universitet kollektivləri, ştatın biznes və özəl sektorunun təmsilçiləri ilə müxtəlif səviyyəli və müxtəlif mövzulu görüşlər keçirəcək.
Trend - un arayışı: Azərbaycan prezidenti İlham Əliyev cari ilin aprelin 16 - da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezidentinin 2007- ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq, 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]