Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir R.Ergün/ Çexiyanın "Slaviya" futbol klubu ilə yoxlama oyununda hakim tərəfindən qırmızı vərəqə alan Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayev azarkeşlərdən üzr istəyib.
"Səhv etdiyimi başa düşürəm. Çünki bu milli komandanın futbolçusuna yaraşmayan hərəkətdir. Azarkeşlərdən üzr istəyərək, bir də belə hərəkətlərə yol verməyəcəyimi bildirirəm", - "Slaviya" ilə görüşdən sonra Ağayev bildirib.
"Slaviya" ilə fevralın 7-də keçirilən yoxlama oyununda Azərbaycan yığması 0:2 hesabı ilə məğlub olub.
Ağayev "Slaviya" ilə oyunda meydana çıxmasa da, ehtiyat oyunçular oturacağında olarkən görüşün baş hakimini söyərək, qırmızı vərəqə ilə cəzalandırılıb.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması fevralın 11-də Küveyt millisi ilə yoxlama oyunu keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]