...

Azərbaycan gəncləri Cənubi Koreyanın KAİST Universitetində təhsil almaq imkanı əldə ediblər

Cəmiyyət Materials 16 Aprel 2009 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan gəncləri Cənubi Koreyanın KAİST Universitetində təhsil almaq imkanı əldə ediblər.

Azərbaycanın Təhsil Nazirliyi gənclərin Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) informasiya kommunikasiya texnologiyaları və kompüter elmləri üzrə bakalavr pilləsində təhsil almaq məqsədi ilə müsabiqə elan edib.

Bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində I və II kursunda təhsil alan, bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilər. Təhsil Nazirliyinin cümə axşamı yaydığı məlumatda bildirilib.  

Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə-əsaslandırma (iki dildə -Azərbaycan və xarici dildə), doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyində əldə edilir), tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən verilir, iki ədəd, formanı http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), xüsusi anket forması (http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından), ali məktəbə qəbul vaxtı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən topladığı bal haqqında arayış, ali məktəb tərəfindən verilən tələbənin təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın sürətləri (notarial qaydada təsdiq olunmuş ingilis dilində tərcüməsi), TOEFL və ya digər beynəlxalq səviyyəli sertifikat, tərcümeyi-hal (CV) (iki dildə - Azərbaycan və xarici dildə), rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə 6 ədəd) və şəxsiyyət vəsiqəsinin surətini Təhsil Nazirliyinə təqdim etməlidirlər. Nazirlikdə sənədlər hər gün saat 10.00-dan 18.00-dək qəbul edilir.

Sənədlərin təqdim edilməsi üçün son müddət 10 maydır.

Trend -un arayışı:  Xaricdə dörd min azərbaycanlı tələbə təhsil alır. Onlardan min nəfəri dövlətin hesabına oxuyur.

Azərbaycan gənclərinin xaricdə təhsil almaq istədikləri prioritet sahələr sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmətlər, dövlət idarəçiliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti