...

Azərbaycan siyasətçiləri qondarma erməni soyqırımına qarşı birgə mübarizə aparılmasını təklif edirlər

Cəmiyyət Materials 24 Aprel 2009 15:51 (UTC +04:00)
Azərbaycan siyasətçiləri qondarma erməni soyqırımına qarşı birgə mübarizə aparılmasını təklif edirlər

Azərbaycan, Bаkı, 24 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan siyasətçiləri və ictimaiyyət nümayəndələrinin fikrincə, qondarma erməni soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində qeyri-hökumət təşkilatları ilə kütləvi informasiya vasitələrinin birgə fəaliyyəti vacibdir.

"Ermənilərin soyqırım iddialarının əsassız olduğunu sübut etmək üçün təkcə aprelin 24-də yox, hər gün təbliğat aparmaq lazımdır", - cümə günü Atatürk Mərkəzində keçirilən tədbirdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun sədri Kəmalə Paşayeva bildirib.

Trend -un arayışı: Hər il aprelin 24-də ermənilər qondarma soyqırım gününü qeyd edir, tarixi faktları saxtalaşdırır, Ankaraya münasibətdə əsassız faktlarla çıxış edirlər. 2006-cı ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidentinə birgə komissiyanın yaradılması haqqında təklif vermiş, ancaq erməni tərəfi bu hadisənin tədqiqatında heç bir şübhələri olmadığını bildirərək imtina etmişdi.

Paşayevanın sözlərinə görə, ermənilər bir millət kimi daha yaxşı təşkilatlandıqlarından xaricdəki diaspor təşkilatları vasitəsilə az qala hər gün, hər saat dünya ictimaiyyətinin qondarma soyqırımı tanınması istiqamətində fəaliyyət göstərirlər. "Biz də artıq bu yolu seçməliyik, hər şeyi dövlətin, hakimiyyətin boynuna qoymaq olmaz. Dövlətin və hakimiyyətin bu məsələdə güclü olmasında xalqın dəstəyi çox önəmlidir", - Paşayeva əlavə edib.

"Türkiyə tərəfi təkidlə soyqırım məsələsinin tarixi sənədlərlə araşdırılmasını təklif etsə də, ermənilər qəti surətdə bundan imtina edirlər. Çünki arxivlərdə ermənilərin soyqırım iddialarını sübut edəcək sənədlər yoxdur", - hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun fikrincə, ermənilər uydurma soyqırım faktlarını sadəcə şişirtməklə iddialarının təmin olunmasını istəyirlər. "1915-ci ildə Osmanlı İmperiyasında cəmi 1 milyon 250 min erməni yaşayıb, guya bunun milyon yarımı genosidə məruz qalıb. Tarixdə heç vaxt heç bir millət bu cür saxtakarlıq etməyib", - millət vəkili deyib.

Mirzəzadə Azərbaycanda ermənilərin soyqırım iddialarının qondarma olduğunu sübut etmək üçün gənclər arasında ciddi təbliğat aparılmasını təklif edib.

"24 aprel əslində erməni yalanları günüdür", - tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib. "Ermənilərin türk millətinə qarşı apardığı bu yalançı təbliğatın tarixini hər kəs bilir. Hətta qondarma erməni soyqırımının tanınması barədə qərar qəbul edən dövlətlər də bunun saxta iddia olduğunu yaxşı bilirlər", - millət vəkili əlavə edib.

Onun sözlərinə görə, indi əsas məsələ ermənilərin qondarma soyqırım iddialarının qarşısını almaq olmalıdır. "Çünki indi hədəfdə təkcə Türkiyə deyil, bütün türk dövlətləridir. Ermənilərin iddialarının əsassız olması ilə bağlı təbliğat aparmaq bizim ümumi missiyamız olmalıdır. Bu, özünü türk hesab edən hər bir insanın davasıdır", - Paşayeva qeyd edib.

Millət vəkili deyib ki, dünyada türklər ermənilərdən çox olsa da, soyqırım iddialarını ümumi dava kimi qəbul etmədiyimizdən, diqqətlə yanaşmamağımızdan ermənilər bu qədər irəli gediblər. "Hər kəs soyqırım iddiasının onun özünə qarşı yönəldiyini bilməlidir. Günlərinin çox hissəsini internetdə keçirən gənclərimiz ermənilərlə virtual aləmdə mübarizə aparmalıdır. Biz internet vasitəsilə davamızın haqlı olduğunu, ermənilərin yalan danışdığını sübut etmək barədə kifayət qədər məlumatlar yaymalıyıq", - Paşayeva əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti