...

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

Cəmiyyət Materials 4 May 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün Rusiyanın  Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna tələbə qəbulu elan edib.  

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) Azərbaycan vətəndaşları üçün 3 yer ayrılıb, bazar ertəsi TQDK-nın yaydığı məlumatda bildirilib.    

"Müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali məktəblərinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək hüququna attestat qiymətləri 4 və 5 olan Azərbaycan vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər", - məlumatda deyilir.

Məlumata əsasən, I mərhələdə abituriyentlər öz seçimləri əsasında II və ya III ixtisas qrupları üzrə TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanında bölməsindən asılı olmayaraq, abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Mayın 15-də keçiriləcək test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 16-da keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanılacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. İkinci mərhələ MDBƏİ tərəfindən Moskvada cari ilin 27 iyun-4 iyul tarixlərində aparılacaq. Bu mərhələdə abituriyentlər seçdikləri fakultədən asılı olmayaraq, rus və ingilis dillərindən test imtahanı verəcəklər. "Beynəlxalq iqtisadı əlaqələr fakultəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti