...

Azərbaycanın bəzi jurnalist təşkilatlarının rəhbərləri "Diffamasiya haqqında" qanunun qəbulu üçün parlamentə müraciət ediblər

Cəmiyyət Materials 20 May 2009 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir, K. Zərbalıyeva /

Azərbaycanın bir qrup jurnalist təşkilatlarının rəhbərləri "Diffamasiya haqqında" qanunun qəbulu üçün Milli Məclisə müraciət ediblər. 

Jurnalist təşkilatlarından çərşənbə günü Trend -a daxil olan müraciətdə bildirilir ki, 2005-ci ildən etibarən Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə Azərbaycanda onlarla jurnalist məsuliyyətə cəlb edilib, onların təmsil etdiyi nəşrlər cərimələnib.

"Bu isə beynəlxalq qurumlara, başqa ölkələrə Azərbaycanı tənqid etməyə əsas verib. Avropa təsisatları şərəf və ləyaqətin təhqiri maddələri ilə cəzalandırılan jurnalistlərin sayından dəfələrlə narahatlıq bildiriblər. Onlar çıxış yolunu diffamasiya ilə bağlı cinayət məsuliyyətinin ləğv edilməsində görürlər"-müraciətdə vurğulanıb.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çərşənbə axşanı Trend -a spiker Oqtay Əsədova "Diffamasiya haqqında" qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması ilə bağlı müraciət edəcəyini deyib.

Müraciət müəllifləri qeyd ediblər ki, bu yaxınlarda dövlət başçısı daha bir jurnalistin həbsi məsələsinə qarışmaq məcburiyyətində qaldı. Bu da diffamasiya ilə əlaqədar cinayət məsuliyyətinin ləğvi problemini yenidən gündəmə gətirdi.

"Həmin hadisə bir daha göstərdi ki, ictimai əhəmiyyətli məsələlərdən yazdıqlarına görə jurnalistləri həbsə atmaq olmaz. Heç kim demir ki, jurnalistlər qanundan yuxarıda dayanmalı, kimin haqqında nə istəsələr yazmalıdırlar. Amma verilən cəza səhvə adekvat olmalı, insanın azadlıqdan məhrum edilməsi ilə nəticələnməməlidir", - müraciətdə bildirilir.

Jurnalist təşkilatları rəhbərləri Azərbaycan parlamentini ölkədə gerçək söz azadlığını təmin etməyə, bunun üçün də vacib addımlardan biri olan diffamasiyaya görə cinayət cəzasını ləğv etməyə çağırırlar.

"Diffamasiya haqqında" ayrıca qanun qəbul etməklə Azərbaycan səhvə yol vermiş jurnalistlər üçün söz azadlığını əngəlləməyə imkan verməyən məsuliyyət növü və dərəcəsi müəyyən edə bilər. Bunun ölkəmizin dünyadakı mövqeyinə də çox müsbət təsir göstərəcəyi şübhəsizdir", - müraciətdə bildirilir.

Müraciət Azərbaycan Jurnalistlər Birliyi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, Jurnalistika və İnkişaf Mərkəzi, Azərbaycan Media Mərkəzi və Nəcəf Nəcəfov Fondunun rəhbərləri tərəfindən imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti