...

"Bakı"nın qızıl mövsümü - Trend News-un icmalçısı

Cəmiyyət Materials 21 May 2009 13:08 (UTC +04:00)
"Bakı"nın qızıl mövsümü - Trend News-un icmalçısı

İmran Hüseynov, Trend -un icmalçısı

Bəlkə də bu bir qədər qəribə səslənəcək, amma Azərbaycan Premyer Liqası klubları içərisində ən yaxşı statistikaya malik (26 oyunda 20 qələbə, 2 bərabərlik və dörd məğlubiyyət) "Bakı"nın çempionluq yolu heç də asan olmayıb.

İlk dörd turda üç qələbə qazanan komanda, beşincidə öz meydanında 0:3 uduzaraq Yevlax "Karvan"ından kobud bir "badalaq" aldı. Sonralar baş məşqçi Qyoko Hacievski bu oyunu "qorxulu yuxu" adlandırmışdı. Ancaq makedoniyalı mütəxəssisin rəhbərliyi altında tezliklə özünə gələn "şəhərlilər" növbəti turda "Bakılı"nın "daşının üstə daş" qoymadılar - 7:0.

Ümumiyyətlə, "Bakı"nın "7:0"-la münasibətləri haqda ayrıca danışmağa dəyər: 11-ci turda səfərdə "Simurq"a 2:1 məğlub olan komanda, mövsümdəki ikinci məğlubiyyətindən sonra yenə də tezliklə özünə gələrək növbəti turda yaddaşları təzələdi. Bu dəfə "Turan" eyni hesabla darmadağın edildi - 7:0. Tarixin belə təkrarlanmasından sonra belə bir hiss yarandı ki, gərək "Bakı"nı ümumiyyətlə udmayasan. Ancaq hər şeyin öz sonu var. Səkkiz oyunluq məğlubiyyətsizlik seriyasından sonra "Olimpik"ə uduzandan sonra hamı növbəti "7:0"-ın intizarında idi. Ancaq "Standard"la oyunda nəticə başqa olur. "Bakı" minimal hesabla qalib gəlir 1:2.

Ümumilikdə, çempionat "Bakı" üçün gərgin olub. Xüsusilə də hər xalın qızıla bərabər olduğu son turlarda. Çempionluq uğrunda intriqa son turadək qalırdı. "Zolaqlılar"ı ən yaxın izləyicisi "İnter"dən cəmi bir xal ayırırdı. Ancaq digər tərəfdən heç kim "Bakı"nın son turda "Muğan" üzərində asan qələbə qazanacağına şübhə etmirdi.

Komandanın oyununa gəlincə, burada Hacievskinin bacarıqlı işini qeyd etmək lazımdır. Baxmayaraq ki, çalışdırıcının debüt mövsümündə komanda səkkizinci pillədə qərarlaşdı, rəhbərlik ona etimad göstərərək postunda saxladı və bu, çoxlarını təəccübləndirmişdi.

Klub rəsmiləri Hacievskinin peşəkarlığına şübhə ilə yanaşdıqlarını bir dəfə də olsun dillərinə gətirmədilər. Düz də etdilər. Çünki mənim fikrimcə, komanda çempionluğu təcrübəli məşqçilərinin hesabına qazandı.

Düzdür, çempionatın qızıl medalları uğrunda mübarizə aparan oyunçuları da yaddan çıxarmaq olmaz. Komandanın qış transfer pəncərəsi dövründə Azərbaycan millisinin müdafiəçisi Saşa Yunisoğluyla güclənən arxa xəttini xüsusilə qeyd etmək lazımdır. Moldovalı Aleksey Savinov və Yunisoğlu, eləcə də xorvat dayaq yarımmüdafiəçisi Ernad Skuliçin (hər üçü komandaya bu il qoşulub) hesabına "Bakı" mövsümdə hamıdan az top buraxan komanda adını qazandı - 13 top.

"Bakı"nın gürcü legioneri Amiran Muciri haqda da danışmaq lazımdır. Futbol baxımından karyerasının qürub çağını yaşayan 35 yaşlı gürcü futbolçu bu mövsüm əla oyun nümayiş etdirdi və ümid edək ki, buna gələn ildə də şahid olacağıq.

Mahmud Qurbanovu da unutmayaq. "Bakı" ilə Premyer Liqanın qalibi adını qazanan təcrübəli yarımmüdafiəçi on qat Azərbaycan çempionu oldu. Bu, ölkənin futbol tarixində rekorddur və yaxın illərdə kiminsə bu nəticəni təkrarlayacağına ümid yoxdur.

Ancaq "Bakı"nın şəninə yağdırdığım tərfilərə rəğmən, hesab edirəm ki, komandaya daha yaxşı müntəzəmlilik çatışmır. Qarşıda "Bakı"nı Avrokubok "döyüş"ləri gözləyir və klubun prezidentinin sözlərinə inansaq, məhz avrokuboklar onun üçün prioritetdir. Deməli, biz Avroarenada başqa "Bakı"nın şahidi olacaq. Yaxşı mənada ümid edək ki, belə də olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti