...

Azərbaycanda mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri yaradılacaq

Cəmiyyət Materials 16 İyun 2009 14:23 (UTC +04:00)
Azərbaycanda mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələri yaradılacaq

Azərbaycan, Bakı, 16  iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycanda yaxın günlərdə qəbulu gözlənilən "Təhsil haqqında" qanun qüvvəyə minəndən sonra ölkədə ali təhsil müəssisələri mülkiyyət formasından asılı olaraq dövlət, bələdiyyə və özəl olacaq.

"Qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən, özəl ali məktəblərə sahibkarlıq fəaliyyəti kimi heç bir məhdudiyyət qoyulmayacaq. Təhsil müəssisələrinin təsisçiləri ilə bağlı yeni müddəalara əsasən, xarici ölkənin hüquqi və fiziki şəxsləri Azərbaycanda təhsil müəssisəsinin təsisçisi ola biləcəklər. Dövlət təhsil müəssisələrinə lisenziya müddətsiz, özəl və  bələdiyyə təhsil müəssisəsinə 5 il , xarici hüquqi və fiziki şəxslərə isə 3 ildən az olmayaraq müddətə veriləcək. Azərbaycanda təhsil müəssisəsi açan xarici hüquqi və fiziki şəxsin təhsil müəssisəsində müavini mütləq azərbaycanlı olacaq. Müəssisədə çalışan tələbə və müəllim heyətinin 80 faizindən çoxu azərbaycanlı olacaq", Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sədr, millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Milli Məclis yeni qanunun hazırlanmasına başlasa da, 14 il ərzində qanun qəbul olunmayıb.

Milli Məclisin iyunun 19-da keçiriləcək iclasının gündəliyinə "Təhsil haqqında" qanunun ücüncü oxunuşu salınıb.

Əvvəlki təhsil qanununda ali müəssisələr dövlət və özəl ola bilərdi.

Hacıyev bildirib ki, Azərbaycanda təhsil üç yaşından başlayacaq, beş yaşında isə məktəbəqədər təhsil icbari olacaq. "Ümumtəhsil, ibtidai, ümumi orta və tam orta təhsil pillələri olacaq. Qanunvericilikdə təhsil pillələrinin müddətləri çıxarılıb, amma qanun qüvvəyə minəndən sonra Azərbaycanda icbari təhsil 9 illik olacaq və ümumi orta təhsil hesab olunacaq. İcbari təhsilin müddəti qanunda göstərilməyib. Bunun müəyyən edilməsi səlahiyyəti müvafiq icra orqanına verilib. Ali təhsil üç pillədən - bakalavr, magistrtatura və doktoranturadan ibarət olacaq", - o deyib. 

Komitə sədri təhsilin maliyyələşdirilməsinin adambaşına görə müəyyən olunacağını bildirib. "Dövlət orta və ali məktəblərin maliyyələşdirilməsi orada təhsil alanların sayına uyğun aparılacaq", - Hacıyev əlavə edib.    

Onun sözlərinə görə, tələbə qəbulu test imtahanları ilə olacaq, yerləşdirmə isə əvvəlki qaydada aparılacaq. "Burada məqsəd abituriyentlərə nixtisasın və təhsil müəssisəsini sərbəst seçməyə imkanı verməkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təklifləri nəzərə alınmayıb. Komissiya beynəlxalq yarış və olimpiadalarda yer tutanların, orta məktəbdə qazanılan medallara görə ali məktəblərə imtahansız qəbul olunma və əvvəlki təhsil pilləsinin nəticələrinin sonrakı pillədə nəzərə alınması ilə bağlı maddələrin çıxarılmasını təklif edib. Lakin həmin maddələrin çıxarılması məqbul sayılmayıb", - Hacıyev deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti