...

Azərbaycan avarçəkənləri Sinqapur olimpiadasına lisenziya uğrunda mübarizəyə qatılacaq

Cəmiyyət Materials 28 İyul 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , muxbir C.Babayeva /

Rusiyanın paytaxtı Moskvada iyulun 31-də kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatına start veriləcək. Üç gün davam edəcək yarışda ilk dəfə Azərbaycan milli komandası da mübarizə aparacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, "Krılatskoe" avarçəkmə bazasında baş tutacaq dünya birinciliyində ölkəmizi kayak növündə Rüfət Vəlizadə və Mirnazim Cavadov, kanoe növündə Andrey Kraytor təmsil edəcək. Vəlizadə 1 nəfərlik kayak (K1), Kraytor isə 1 nəfərlik kanoe (C1) qayığında 500 metr məsafəyə yürüşə qatılacaqlar. Bununla yanaşı, Vəlizadə-Cavadov dueti 2 nəfərlik kayak qayığı (K2) ilə 1000 metr məsafəni qət edəcək. Avarçəkənlərimiz Moskvaya Polşadan yollanacaq. Onların Lazinki gölündə keçirdikləri biraylıq təlim-məşq toplantısının nəticəsi məhz dünya birinciliyində üzə çıxacaq.

Ümumilikdə yarışa 60-dək ölkənin 900-dən çox idmançısı qatılacaq. Çempionatın təntənəli açılış mərasimi iyulun 30-da keçiriləcək. Mərasimdə dünya çempionatının təşkilat komitəsinin sədri, Moskva meri Yuri Lujkovla yanaşı, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Pirurena Lopes (İspaniya), Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds (İngiltərə) və digər rəsmi şəxslərin iştirakı gözlənilir. Yarışın proqramına əsasən, kayak və kanoeçilər yarışın ilk günündə 1000 metr və 500 metr məsafələrə yürüş edəcəklər. Ertəsi gün 1000 metr,avqustun 2-də isə 500 metr məsafəyə yürüşün yarımfinal və final yürüşləri reallaşacaq.

Sayca XIII dəfə təşkil olunacaq dünya birinciliyinin özəlliyi 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasındadır. Sinqapur olimpiadasına lisenziyanı yalnız 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 3 növ üzrə (kayak-oğlanlar, kayak-qızlar və kanoe-oğlanlar) qazanmaq mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti