"Kabinetin formalaşdırılması tapşırılan Livanın Baş naziri Səid əl-Həriri yaxın zamanlarda yeni hökumətin yaradılması prosesinin başa çatdırılacağını bildirib", - Livanın "əl-Müstəqbəl" xəbər saytı məlumat verir.
Əl-Həriri iftar zamanı Beyrutda deyib ki, hər bir partiya hökumətin formalaşdırılmasına öz baxışlarını bildirmək hüququna malikdir, ancaq konstitusiyaya əsasən, son qərar onun özü və Prezident Mişel Süleyman tərəfindən qəbul ediləcək.
İyundakı parlament seçkilərində qalib gələn "14 mart" partiyasının lideri əl-Həriri, milli birlik üçün bütün tərəflərin səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib və ayrı-ayrı kiçik qrupların hökumətin formalaşdırılmasında iştirakı fikrini rədd edib.
Hökumətin formalaşdırılmasında əsas problem parlamentdəki "8 mart" müxalifət blokuna daxil olan "Hizbulla" partiyasının mövqeyi ilə bağlıdır. Əl-Həririnin parlament bloku "Hizbulla"nın malik olduğu silahlanmaya veto hüququnun Prezident Süleymana verilməsini tələb edir.