...

Azərbaycanda hakimliyə namizədlər xarici ölkələrdə təcrübə keçəcəklər

Cəmiyyət Materials 19 Oktyabr 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda vakant hakim yerlərinə keçirilmiş müsabiqədə uğur qazanmış namizədlər xarici ölkələrdə təcrübə keçəcək. Trend -un məlumatına görə, bu barədə müsabiqədən uğur qazanmış 80 nəfər namizəd üçün təşkil olunmuş uzunmüddətli tədris kursunun açılış mərasimində məlumat verilib.

Kursun açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışıb. O, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının gücləndirilməsi, müraciət imkanlarının asanlaşdırılması üzrə işləri xüsusi vurğulayıb.

İlk dəfə geniş dinləyici spektrinə malik Ədliyyə Akademiyasında ədliyyə işçilərinin, vəkillərin, prokurorların peşəyə buraxılışı məqsədi ilə icbari təlimlərin, həmçinin hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədris kurslarının təşkil olunmasının əhəmiyyətini qeyd edən nazir bu tədbirlərin hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına, ədalət mühakiməsinin ən yüksək səviyyədə həyata keçirilməsinə xidmət edəcəyini bildirib.

Qeyd olunub ki, kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq.

Kurs çərçivəsində hakimliyə namizədlərin xarici ölkələrdə təcrübə keçməsi də planlaşdırılır.

Namizədlərlə test imtahanları mayın 7-də keçirilib. İmtahanların gedişi 30-dək beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müşahidə olunub. Test imtahanında iştirak etmiş 438 namizəddən 213 nəfəri 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək imkanı qazanıb. Namizədlərin cavab kartları imtahandan dərhal sonra yoxlanılıb və auditoriyada elan olunub.

HSK tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti