...

Azərbaycanın hakim partiyası FİFA-nın qərarına etiraz edib

Cəmiyyət Materials 20 Oktyabr 2009 10:52 (UTC +04:00)
"Futbol diplomatiyası əslində, idmanı siyasətə gətirib. İdman gərək siyasətə qarışmasın. İdman sülh, dostluq və əməkdaşlıq formasıdır. Bayraq qadağası nə vaxtdan yaranıb? Erməniyə şirin gəlmək üçün Azərbaycan bayraqlarının stadiona gətirilməsinin qadağan olunması nə dərəcədə doğrudur? Heç bir yerdə, qaydalarda belə bir qadağa yoxdur".
Azərbaycanın hakim partiyası FİFA-nın qərarına etiraz edib

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir F.Huseynli/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) FİFA-nın Azərbaycan bayraqlarının Türkiyə-Ermənistan matçına buraxılmaması barədə qərarı yanlış hesab edib.

"Futbol diplomatiyası əslində, idmanı siyasətə gətirib. İdman gərək siyasətə qarışmasın. İdman sülh, dostluq və əməkdaşlıq formasıdır. Bayraq qadağası nə vaxtdan yaranıb? Erməniyə şirin gəlmək üçün Azərbaycan bayraqlarının stadiona gətirilməsinin qadağan olunması nə dərəcədə doğrudur? Heç bir yerdə, qaydalarda belə bir qadağa yoxdur. Dünya futbol təşkilatı olan FİFA-nın da belə bir qaydası yoxdur. FİFA-nın qaydalarında millətçiliyin, faşizmin, irqi ayrıseçkiliyin təbliği qadağandır. Bursada sırf dostluq bayrağı qaldırılacaqdı", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı YAP-ın rəsmi saytına müsahibəsində partiyanın icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Oktyabrın 14-də Bursa şəhərində 2010-cu il Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Türkiyə-Ermənistan oyunu keçirilib. FİFA oyuna Azərbaycan bayrağının gətirilməsini qadağan edən qərar vermişdi.

Qurbanlı hesab edir ki, futbol diplomatiyası Türkiyə-Ermənistan danışıqlarında bir vasitəyə çevrilib.

"Hamıya məlum idi ki, Bursada Azərbaycansevərlər stadiona Azərbaycan bayrağını gətirəcəkdilər. Amma Bursa valisinin bayrağımızın stadiona gətirilməsini qadağan etməsi yanan od üzərinə əlavə neft tökməyə bənzəyirdi. Bu da insanlarda qəzəb və qıcıq yaratdı. Bununla da, Türkiyə millisinə dəstək ifadə olunacaqdı. Hesab edirəm ki, Türkiyə tərəfinin bayraqla bağlı verdiyi qərar çox yanlış idi. Yerevanda qondarma Dağlıq Qarabağın bayrağı qaldırılanda Türkiyə tərəfi buna qəti etiraz etməli idi. Amma nədən susdu? FİFA nə üçün reaksiya vermədi? Halbuki, separatçı, cinayətkar rejimin bayrağı heç yerdə tanınmır", - Qurbanlı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti