Azərbaycan, Bakı, 29 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq olunan işlərin əksəriyyətini məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi ilə bağlı olan cinayətlər təşkil edir.
Bu barədə cümə axşamı Trend -a məlumat verən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Zaur Əliyev bildirib ki, Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Əliyev bildirib ki, idarə araşdırdığı işlər üzrə çoxlu sayda məhkəmə qərarının icrasını təmin edir, məhkəmə qərarlarının icrası işinə nazirliyin rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən xüsusi həssaslıqla yanaşılır, icradan qərəzli boyun qaçıran şəxslərin qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlər görülür.
Müstəntiq bildirib ki, fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın ödətdirlilməsi istiqamətində nəzərəçarpacaq uğurlar əldə edilib.
"Əvvəlki illərlə müqayisədə ziyanın ödətdirilməsi işində ciddi artım qeydə alınıb. Bu günədək ilkin yoxlaması aparılan və istintaq edilən 137 iş üzrə şəxslərə vurulmuş 500 min manatdan çox zərərdən 400 min manata qədər ( 75 %-dən artıq) məbləğ İstintaq İdarəsinin gördüyü tədbirlər nəticəsində ödətdirilib", - deyə Əliyev vurğulayıb.
İdarənin müstəntiqinin sözlərinə görə, bazar iqtisadiyyatı münasibətlərində iqtisadi fəaliyyət subyektlərinin - kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, bankların, kredit təşkilatlarının müəyyən kreditor borclarının ödənilməməsi problemi mövcuddur.
Əliyev bildirib ki, iqtisadi fəaliyyət sferasında yaranmış borclara dair məhkəmə qərarı çıxarıldıqdan sonra onların ödənilməsindən qəsdən yayınma hallarında ibtidai istintaq Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Müstəntiq qeyd edib ki, pul-kredit münasibətlərinin sabitliyinin təmin olunmasına, habelə sahibkarlığın inkişafına zərbə vuran bu xarakterli cinayətlərin tam və hərtərəfli araşdırılmasına xüsusi diqqət yetirilir və vurulmuş ziyanın ödənilməsinə maksimum dərəcədə səy göstərilir.
"Əvvəlki illərlə müqayisədə kreditor borclarının ödənilməsindən qəsdən yayınma ilə bağlı işlərin sayı artmaqdadır. Bu ilin 9 ayı ərzində Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınma (196-cı) maddəsilə araşdırılan işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş küllü miqdarda zərər istintaqın gedişində ödətdirilib. Təkcə bir cinayət işində ümumi dəyəri 300 min manatdan artıq olan inşa edilmiş yaşayış sahəsinin vətəndaşa verilməsinə dair Nəsimi rayon məhkəməsinin qətnaməsi əsasında icrasından uzun müddət ərzində qəsdən yayınılmış borc istintaq zamanı görülmüş tədbirlər nəticəsində tam həcmdə ödətdirilib", - deyə Əliyev vurğulayıb.
Müstəntiq məhkəmə qərarlarının icra olunmaması ilə bağlı borclu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üzrə cinayət təqibinin başlanılması prosedurunun sadələşdirilməsini müsbət hal kimi qiymətləndirib.
Belə ki, əvvəlki təcrübəyə görə, məhkəmə qərarını icra etməyən borclu şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmə icraçısı tərəfindən təqdimat müvafiq məhkəməyə verilirdi və məhkəmə borclunun əməlində cinayət tərkibinin olması barədə xüsusi qərardad çıxararaq prokurora göndərirdi. Prokuror cinayət məsuliyyətini istisna edən halları aşkar etməzdisə, cinayət işi başlamaqla istintaq edilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərirdi.
Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarı ilə Mülki-Prosessual Məcəllənin 265.5-ci maddəsi və "Məhkəmə qərarlarının icrası haqqında" Qanunun 82.3-cü maddəsini şərh edilərək bu kateqoriya işlər üzrə cinayət işinin başlanması üçün məhkəmə icraçıları xidməti tərəfindən müvafiq təqdimatların birbaşa Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə verilməsi müəyyən edilib.
Qeyd edilən sənəd qüvvəyə mindikdən sonra idarə tərəfindən Cinayət Məcəlləsinin kreditor borclarını ödəməkdən qəsdən yayınma (196) və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə (306-cı) maddələri üzrə material qaydasında ilkin yoxlamanın aparılması ilə cinayət işinin başlanması və ya rədd edilməsi məsələləri həll edilməyə başlanılıb.
İdarənin icraatında olan işlərin bir qismi isə Cinayət Məcəlləsinə əlavə edilən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi (317-1.1.), cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi (317-2.) maddələri ilə başlanmış işlərdir.
Müstəntiq deyir ki, həbsdə olan təqsirləndirilən şəxslər və saxlanılan məhkumlar qeyd edilən əşyalardan, o cümlədən mobil telefonlardan istifadə etməklə daxili intizam qaydalarını pozurdular və həmin telefonlarla nəzarət olunmadan aparılan danışıqlar mənfi nəticələrə gətirib çıxarırdı.
Bu səbəbdən də, 2008-ci ilin əvvəlindən bu qəbildən olan cinayətlərə qarşı idarə tərəfindən nazirliyin digər aidiyyəti qurumları ilə əlaqəli şəkildə ciddi mübarizə aparılmış, həm saxlanılan şəxslər, həm də onlarla görüşə gələn yaxınları arasında hüquqi maarifləndirmə işi gücləndirilmişdir. Müstəntiqin sözlərinə görə, görülən məqsədyönlü tədbirlər nəticəsində cəzaçəkmə müəssisələrində və istintaq təcrudxanalarında aşkar olunan qadağan edilmiş əşyaların sayı əvvəlki illərlə müqyisədə əhəmiyyətli dərəcədə azalıb.
Mövcud qanunvericiliyə görə, Cinayət Məcəlləsinin 196 (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 289 (məhkəməyə hörmətsizlik etmə), 303 (siyahıya alınmış və üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər), 305 (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma), 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddələrinin, habelə 30 dekabr 2007-ci il tarixdə qüvvəyə minən yeni qanunla CM-nə əlavə edilmiş 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) və 317-2.-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri üzrə nəzərdə tutulmuş cinayətlərə dair ibtidai istintaqın aparılması Ədliyyə Nazirliyinə həvalə edilib.
İstintaq İdarəsi sadalanan maddələr üzrə daxil olmuş məlumtlara ümumi qaydada baxaraq ilkin yoxlama aparır və nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi, yaxud cinayət işi başlanılması məsələlərini həll edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]