...

Uğurlar və doğrulmuş ümidlər ili

Cəmiyyət Materials 9 Dekabr 2009 23:26 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AzərTAc-ın müxbirinə müsahibəsində başa çatmaqda olan ildə qurumun fəaliyyətinin yekunları və gələcək planlar barədə məlumat vermiş, bir sıra başqa sualları cavablandırmışdır.
Uğurlar və doğrulmuş ümidlər ili

Azərbaycanda o qədər də zəngin ənənələrə malik olmayan bədii gimnastika son illərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının planauyğun fəaliyyəti sayəsində, heç şübhəsiz, idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilmişdir. Ölkəmizdə dünya və Avropa çempionatları keçirilmiş, idmançılarımız Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış etmişlər. Bakıda gimnastika kompleksinin təməlinin qoyulması, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın həmin mərasimdə iştirak etməsi faktı da bir daha təsdiq edir ki, ölkəmizdə gimnastikanın inkişafı üçün yaxşı perspektivlər vardır.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AzərTAc-ın müxbirinə müsahibəsində başa çatmaqda olan ildə qurumun fəaliyyətinin yekunları və gələcək planlar barədə məlumat vermiş, bir sıra başqa sualları cavablandırmışdır.

-Başa çatmaqda olan ilin gimnastika sahəsində yekunlarını uğurlu hesab edirəm. Son illərdə Azərbaycanda gimnastikanın necə inkişaf etdiyini siz də bilirsiniz. Təbii ki, həm dövlətimizin başçısı İlham Əliyevin, həm də bizim federasiyanın prezidenti Mehriban xanım Əliyevanın daimi qayğı və diqqətinə cavab olaraq biz lazımi səviyyədə işləməyə və yüksək nəticələr göstərməyə çalışırıq. Zənnimcə, idmançılarımız və məşqçilərimiz tədricən elə səviyyəyə yaxınlaşırlar ki, biz artıq Azərbaycanda gimnastikanın yüksəliş mərhələsində olduğunu söyləyə bilərik.

Bu ilin may ayında Azərbaycanın ən yeni tarixində ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda təşkil edilmişdir. Çempionatın nəticələri ürəkaçandır: idmançılar 2 gümüş medal qazanmışlar. Yeniyetmə qrupların yarışlarında və komanda birinciliyində də əvvəllər heç vaxt bu cür yüksək nəticələr göstərməmişdik. Bunun böyük uğur olduğunu beynəlxalq idman ictimaiyyəti də etiraf edir.

Qeyd etməliyəm ki, Aliyə QarayevaAnna Qurbanova ustalıq səviyyəsinə görə bu gün yalnız Rusiya idmançılarından geri qalırlar. Onlarla mübarizə aparmaq hələlik çox çətindir, çünki Rusiya idmanın bu növündə, necə deyərlər, ənənəvi olaraq lider mövqe tutur. Bizim gimnastların gümüş medallara layiq görülməsi və rusiyalılarla bəhsə-bəhs yarışması ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişafının göstəricisidir.

Yeniyetmə qrupumuzun qazandığı uğuru inqilabi nəticə adlandırsam, mübaliğə olmaz, çünki bizim qrup komandamız nisbətən yaxın vaxtlarda yaradılmışdır, qızlar isə bu il ilk dəfə birgə çıxış edirlər. Onların bu cür uğur qazanması ölkəmiz üçün, Azərbaycan idmanı üçün çox böyük nailiyyətdir.

Anna Qurbanovanın top ilə hərəkətlərdə çox gərgin rəqabət şəraitində bürünc medal qazanması faktını da xüsusi qeyd etmək istəyirəm. Məsələ burasındadır ki, Anya stabil komanda oyunçusudur və o qədər də yüksək nəticələr göstərməmişdir. Lakin onun Rusiya və Ukraynanın adlı-sanlı gimnastları ilə ciddi rəqabətdə üçüncü yeri tutması bu idmançının professional inkişafının göstəricisidir.

Avropa çempionatı başa çatandan sonra bizim Federasiyanın prezidenti Mehriban xanım Əliyeva idmançı qızlarımızı qəbul etmiş, Azərbaycanda gimnastikanın yüksək səviyyəyə çatmasını vurğulamışdır.

Gimnastlarımız Yaponiyada keçirilmiş sonuncu dünya çempionatında da yüksək nəticələr göstərmişlər. Top ilə hərəkətlərdə Aliyə Qarayeva vitse-çempion olmuş, komanda birinciliyində isə qızlarımız, iki il bundan əvvəl Yunanıstanda olduğu kimi, üçüncü yeri tutmuşlar. Göstərilən nəticələrin sabitliyi peşəkarlıq nümunəsidir. Bu, komandamızda möhkəm birliyin olmasına, qızlarımızın bir-birini dəstəkləməsinə dəlalət edir. Gündoğar ölkədə Patrasdakı uğurlu nəticəni təkrarlaya bilməyimiz də ölkəmizdə gimnastikanın sabit və dinamik inkişafına sübutdur. Qarayeva, Qurbanova və Zeynəb Cavadlı artıq iki dəfə dünya çempionatının bürünc mükafatçıları olmuş, Samirə Mustafayeva isə dünya birinciliyində medal qazanmağın sevincini ilk dəfə hiss etmişdir.

Qrup komandamız dünya birinciliyində dördüncü yeri tutmuşdur. Xatırlayırsınızsa, Pekin Olimpiadasında onlar 7-ci yerlə kifayətlənməli olmuşdular. Fikrimcə, bu irəliləyiş yığma komandanın baş məşqçisi Mariana Vasilevanın öz işinə məsuliyyətlə yanaşması sayəsində mümkün olmuşdur.

Akrobatikada çoxdan gözlədiyimiz nəticələrə nail olmuşuq. İdmanın bu növündə bəzi kadr dəyişiklikləri edilmiş, məşqçi heyəti təzələnmişdir. Qadınlardan ibarət cütlüyümüz (Ayla ƏhmədovaDilarə Sultanova) bütün yarış mövsümünü yüksək səviyyədə keçirmiş və Portuqaliyada keçirilən Avropa çempionatında layiqli qələbə qazanmışdır. Bu cütlük Tayvanda keçirilən Dünya Oyunlarında və Rusiyada təşkil edilmiş Dünya Kubokunda gümüş mükafatlara layiq görülmüşdür. Məşqçi İradə Qurbanovanın zəhmətini də qeyd etməliyəm. Qurbanova bu duetin uğur qazanması üçün əlindən gələni əsirgəməmişdir.

Gimnastikanın tamblinq növü ölkəmizdə o qədər də inkişaf etməmişdi, lakin bu sahədə də müəyyən tərəqqi müşahidə olunur. Tullanma hərəkətlərində ölkəmizi təmsil edən gənc Mixail Malkin Rusiyada keçirilən Dünya Birinciliyinin finalında 6-cı yeri tutmuş, təsnifat yarışlarında isə 27 iştirakçı arasında 5-ci nəticə göstərmişdir.

İdman gimnastları da öz ustalıqlarını artırırlar. Məlum olduğu kimi, Şakir Şıxəliyev artıq bir ilə yaxındır Almaniyada, tanınmış həmyerlimiz, Olimpiya çempionu Valeri Belenkinin yanında təcrübə keçir, gənc Elvin Ağadədəyev isə Minskdə məşq toplantısındadır.

Gələnilki planlarımız barədə onu deyə bilərəm ki, qarşıda bizi yenə Avropa və dünya çempionatları gözləyir. Avropa birinciliklərində gənclərin Sinqapurda keçiriləcək Olimpiadasına iştirakçılar seçiləcəkdir. Gələn ilin idman təqvimində çoxlu müxtəlif turnirlər nəzərdə tutulmuşdur. Bundan əlavə, 2010-cu ildə Federasiyanın hesabat-seçki konfransı keçiriləcəkdir.

-Altay müəllim, siz Olimpiya oyunları tarixində ilk dəfə Pekin Olimpiadasında iştirak etmiş Azərbaycanın yeniyetmə qrup komandasının 7-ci yeri tutmasını xatırlatdınız. Bu, ilk dəfə üçün pis nəticə deyil. Bakıda keçirilmiş sonuncu Avropa çempionatında yeniyetmə qızlarımızın gümüş medal qazanması gimnastikanın bu növündə istedadlı nəsil yetişməsinə dəlalət edir. Lakin gimnastlar böyük idmanla tez vidalaşırlar. Qrup komandası üçün və ümumiyyətlə, bədii gimnastika üçün kadrların seçilməsi və hazırlanması problemi necə həll edilir?

-Siz haqlısınız. Gimnast qızların idman həyatı qısa olur, onlar idmanı tez tərk edirlər. Bu gün Azərbaycanda gimnastların yaxşı yeni nəsli yetişir. "Spartak", "Sərhədçi" cəmiyyətlərində yeni seksiyalar yaradılması sevindirici faktdır. Xırdalan şəhərində gimnastika seksiyası təşkil edilmişdir. Gəncədə və digər regionlarda yaradılmış seksiyalar uğurla fəaliyyət göstərir. Buna görə də deyə bilərəm ki, seleksiya aparmağa imkan var.

Qrup komandalarına gəldikdə isə, onların formalaşmasına və məşq prosesinə baş məşqçi Mariana Vasileva rəhbərlik edir. İndi o, iki komanda hazırlayır: yeniyetmələrdən ibarət təzə komanda və yaşlılardan ibarət komanda. Bu kollektivlərdən birincisində bütün gimnastlar təzədir. Onlar əvvəllər fərdi qaydada çıxış edirdilər, indi isə Avropa çempionatına hazırlaşırlar, gənclər arasında keçiriləcək Olimpiadada iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar. Yaşlılardan ibarət komandanın heyətində dəyişikliklər olmuşdur: Vəfa HüseynovaValeriya Yeqay böyük idmanı tərk etmişlər, onları yeniyetmə qruplarında çıxış təcrübəsinə malik olan qızlar əvəz etmişdir.

-Bəs idman gimnastikasında vəziyyət necədir? Məlumdur ki, Olimpiya Oyunlarında idmanın bu növündə xeyli medal uğrunda mübarizə gedir. Bizim idman gimnastlarının London Olimpiadasında iştirak edəcəyinə ümid varmı?

-Qeyd etdiyim kimi, Şakir Şıxəliyevə böyük ümid bəsləyirik. Hazırda o, Almaniyada məşq edir. Məşqçilər onu bu il Avropa və dünya çempionatlarında sınamışlar. O, öz nəticələrini yaxşılaşdırır. Ümid edirəm ki, Şakir Olimpiadaya lisenziya qazanacaqdır.

Digər idmançımız Elvin Ağadədəyev bu mövsümdə ikinci dəfədir ki, Minskdə məşq toplantısında iştirak edir, belaruslu mütəxəssisin rəhbərliyi ilə gənclər arasında Olimpiadada iştirak etmək hüququ qazanmaq üçün Avropa çempionatına səylə hazırlaşır.

Biz gimnastika seksiyalarına daha çox uşaq və məşqçi cəlb etmək istəyirik. İlk növbədə möhkəm maddi baza lazımdır. Bu il Gimnastika Kompleksinin təməli qoyulmuşdur. Kompleks istifadəyə veriləndən sonra gimnastika ilə məşğul olmaq üçün hər cür şərait yaradılacaqdır.

-Hazırda gimnastika üzrə respublika yarışlarının əksəriyyətində, o cümlədən Azərbaycan paytaxtının açıq birinciliklərində regionlardan olan gimnast qızlar da iştirak edir. Bu cür turnirlərin paytaxtdan kənarda təşkil edilməsi nəzərdə tutulurmu?

-İş burasındadır ki, idman zallarının heç də hamısı gimnastika üçün qəbul edilmiş normalara uyğun gəlmir. Məsələn, Dəvəçidə və Gəncədə gimnastika və akrobatika ilə məşğul olmağa şərait var. Biz Gəncə və Quba idman komplekslərində məşq toplantıları və yarışlar keçirməyi planlaşdırırıq.

Bu sahədə təcrübəmiz də var. Axırıncı dəfə - 2008-ci ilin Olimpiya Oyunları ərəfəsində məşqçilər Masallıdakı Olimpiya Kompleksini seçmişdilər. Qrup komandasının gimnastları Olimpiya yarışları ərəfəsində həmin kompleksdə məşq etmiş və yerli tamaşaçılar qarşısında çıxış etmişdilər.

Bir sözlə, bu istiqamətdə işləyirik və gimnastikanı Azərbaycanın bütün guşələrində populyarlaşdıracağıq.

Xəbər lenti

Xəbər lenti