Azərbaycan, Bakı, 10 dekabr / Trend /
Ümummilli lider Heydər Əliyevin xatirə günü ilə eyni vaxta salınmış silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun və Rusiyanın şimal paytaxtında Azərbaycanlıların Milli-Mədəni Müxtariyyətinin dəstəyi ilə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Flarmoniyasının böyük zalında azərbaycanlı bəstəkar və orqançı Arif Mirzəyevin iştirakı ilə orqan musiqisi gecəsi təşkil edilib. Konsertdə həmçinin Rusiyanın əməkdar artisti Danil Zaretskiy çıxış edib, Baş Konsulluğun məlumatında deyilir.
Azərbaycanda dini-memorial orqan və polifonik musiqinin əsasını qoyan, iki dəfə Rusiya Federasiyası Dövlət mükafatı nominantı Arif Mirzəyev 65 illik yubileyini qeyd edib. Rusiyada onun ülu öndərin xatirəsinə həsr etdiyi əsər səsləndirilib.
Tədbirdə Sankt-Peterburq Administrasiyasının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatlar, şimal paytaxtının ictimai xadimləri, gənclər və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Flarmoniyanın foyesində Heydər Əliyev arxivindən "Qəlbimin bir hissəsi Rusiyadadır" adlı foto-sərgi təşkil edilib.
Sankt-Peterburq qubernatorunun salamlarını çatdıran xarici əlaqələr üzrə komitənin rəhbəri Aleksandr Proxorenko Heydər Əliyevin Azərbaycan Respublikasının quruculuğundakı mühüm xidmətlərindən, onun siyasi bacarığından, müdrüklüyünü, bütün gücünü və enerjisini vətəninin inkişafına və çiçəklənməsinə sərf etməsindən danışıb. Proxorenko həmçinin vurğulayıb ki, Sankt-Peterburq Heydər Əliyevin həyatı ilə sıx bağlı olub. O, burada yalnız rəsmi və şəxsi səfərlərdə olmayıb, həmçinin burada oxuyub.
Qoroxov küçəsi 6 ünvanında, Heydər Əliyevin 1940-cı illərin sonu 1950-ci illərin əvvəlində təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi rəhbər heyətinin məktəb binasına 16 iyun 2005-ci ildə xatirə lövhəsi vurulub.