...

Bölgə mediasının inkişafına xüsusi diqqət yetirilməlidir - Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 21 Dekabr 2009 13:04 (UTC +04:00)
Hazırkı dövrdə bölgə mediasının durumu ona xüsusi diqqət yetirilməsini zəruriləşdirib. Lakin obyektiv səbəblərdən bu sahədə müəyyən çətinliklər var və onların aradan qaldırılması vacibdir.
Bölgə mediasının inkişafına xüsusi diqqət yetirilməlidir - Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, bölgə mediasının inkişafına xüsusi diqqət yetirilməlidir.

"Hazırkı dövrdə bölgə mediasının durumu ona xüsusi diqqət yetirilməsini zəruriləşdirib. Lakin obyektiv səbəblərdən bu sahədə müəyyən çətinliklər var və onların aradan qaldırılması vacibdir", - Trend -un məlumatına görə, bunu bazar ertəsi Yevlaxda Mətbuat Şurasının təşəbbüsü ilə "Qloaballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib, məlumatı Mətbuat Şurası yayıb.

Şuranın Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutan tədbirdə dövlət rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərləri, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələri və tanınmış media ekspertləri iştirak edirlər.

Həsənov deyib ki, Azərbaycan dövləti medianın inkişafına xüsusi qayğı çəkir. Konfransın işinə uğurlar arzulayan Həsənov tədbirdə qoyulan mövzunun regional medianın artan ictimai tələbatlara adekvat münasibətinin formalaşmasına yardım göstərmək baxımından əhəmiyyətini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, konfransda məqsəd ölkəmizin qərb regionuna daxil olan rayonlarda fəaliyyət göstərən media təşkilatlarının, KİV-lərin ictimai, siyasi, sosial və mədəni həyatın müxtəlif sahələri ilə bağlı dövlət, qeyri-dövlət qurumları, habelə ictimaiyyət nümayəndələri ilə qarşılıqlı təmaslarının möhkəmləndirilməsindən, mövcud sahədə təsadüf olunan problemlərin müzakirəsinin təşkilindən, regionda çalışan jurnalistlərin peşəkarlıq səviyyələrinin artırılmasından, həmçinin bölgə KİV-lərinin maddi-texniki durumlarının gücləndirilməsinə yönələn təkliflərin qruplaşdırılmasından ibarətdir.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda region mediasının inkişafı ilə bağlı xüsusi müddəalar yer alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti