Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycanda külli miqdarda pul mənimsəməkdə ittiham olunan şirkət əməkdaşının məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Mətanət A" şirkətinin işçisi Hafiz Səlimovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Səlimov "Mətanət A" şirkətində sement məhsullarının topdan satış mərkəzlərinə paylanmasını təşkil edib. O, mağazalardan toplanan külli miqdarda pulu mənimsəyib. Şirkətdə aparılan yoxlamalardan sonra Səlimov həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə (179) maddəsi ilə ittiham olunur.
Səlimov deyib ki, şirkətə məxsus olan sementlərin paylanmasını təşkil edib və mağazalardan toplanmış pulları şirkətin xəzinəsinə təhvil verib. O, qeyd edib ki, şirkətə məxsus heç bir pulu mənimsəməyib.
Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.