...

Azərbaycanda cəzaçəkmə müəssisələrinin rəhbərləri ədliyyə orqanlarından xaric ediliblər

Cəmiyyət Materials 16 Fevral 2010 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin bəzi rəhbərləri vəzifələrindən azad edilərək ədliyyə orqanlarından xaric ediliblər.

PX-ın mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə, 11 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri ədliyyə orqanlarından xaric ediliblər. 2009-cu ilin yekunlarına dair keçirilən əməliyyat şurasında qeyd olunub ki, 6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin, Mühafizə alayının bir sıra bölüklərinin fəaliyyətlərində də ciddi nöqsan və pozuntular aşkar edilib, bu qurumların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Tədbirdə çıxış edən Ədliyyə nazirinin müavini, PX-in rəisi Nazim Ələkbərov deyib ki, hesabat dövründə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.

"Ötən il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 3100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 747 kəsici-deşici alət, 140 litr spirtli içki, 89 mobil telefon aşkarlanaraq götürülüb. Həmçinin il ərzində narkotik maddələrlə bağlı 41 fakt müəyyən edilib, 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153,8 qram heroin aşkar olunub, 22 məhkum, habelə gizli yolla narkotik vasitə keçirməyə çalışan görüşə gələn 16 şəxs, məhkumların yaxınları və eyni zamanda penitensiar müəssisələrin 3 əməkdaşı ifşa olunub", - Ələkbərov bildirib.

Xəbər lenti

Xəbər lenti