Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir M.Əliyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının 1-ci ongünlüyü üçün növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə bazar ertəsi Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Martın 1-ci ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının 3-cü ongünlüyünə nisbətən 94 m3/san azalaraq, 290 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su hövzələrinə axıdılır. Məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 85,8 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Birinci Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə ərazisində fenollar və mis birləşmələri 2 dəfə qatılıq həddini keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,65-7,68 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.