...

Azərbaycan dövləti milli mətbuatın inkişafına dəstək siyasətini davam etdirəcək - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 17 Mart 2010 17:54 (UTC +04:00)
"Bu il də mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində lazımi vəsait ayrılacaq", - Həsənov bildirib.
Azərbaycan dövləti milli mətbuatın inkişafına dəstək siyasətini davam etdirəcək - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan dövləti milli mətbuatın inkişafına dəstək siyasətini ortaya qoyub və bunu davam etdirəcək. Trend -un məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.

"Bu il də mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində lazımi vəsait ayrılacaq", - Həsənov bildirib.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu müsabiqə söz azadlığının və jurnalistlərin fərdi yaradıcılığının inkişafına yardım edir.

Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, bu il yanvarın 19-da 7 istiqamət üzrə elan olunmuş müsabiqəyə 49 yazı təqdim olunub və onlardan 15-i qalib olub.

Səfərli bu ilin aprelində Fond tərəfindən milli mətbuatın yaranmasının 135 illiyi ilə bağlı növbəti müsabiqənin elan olunacağını diqqətə çatdırıb.

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il yanvarın 19-da Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun yaydığı məlumata görə, müsabiqədə hər istiqamət üzrə ən çox bal toplamış 2 yazı qalib hesab olunur.

Xəbər lenti

Xəbər lenti