...

Azərbaycanın ali təhsil sistemində yeni ixtisaslar yaranacaq

Cəmiyyət Materials 18 Mart 2010 16:53 (UTC +04:00)
Azərbaycan ali təhsil müəssisələri yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi və dövlət sifarişi əsasında tələbə qəbulunun həyata keçirilməsi ilə əlaqədar olaraq daha çox tələbat olan istiqamətlər üzrə yeni ixtisaslar açmaq və mövcud olanların tədrisini genişləndirmək niyyətindədirlər.
Azərbaycanın ali təhsil sistemində yeni ixtisaslar yaranacaq

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan ali təhsil müəssisələri yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi və dövlət sifarişi əsasında tələbə qəbulunun həyata keçirilməsi ilə əlaqədar olaraq daha çox tələbat olan istiqamətlər üzrə yeni ixtisaslar açmaq və mövcud olanların tədrisini genişləndirmək niyyətindədirlər.

"XX əsr informatika əsri kimi tarixə düşmüşdüsə, XXI əsr elm-təhsil müstəvisində olan bir sıra istiqamətləri önə çəkir", - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Trend -a bildirib. Onun sözlərinə görə, hazırda yeni istiqamətlər olan nanotexnologiya, mikrobiologiya, ekologiya kimi sahələrin inkişafına ehtiyac var. "BDU-da artıq 3-ilə yaxındır ki, nanotexnologiya üzrə bakalavr və magistr pilləsində mütəxəssis hazırlığına başlanılıb və bu ixtisas həm elm, həm də təhsil müstəvisində artıq formalaşıb", - Məhərrəmov bildirib. Məhərrəmov həmçinin bildirib ki, universitetlərdə tibb-biologiya kimi ixtisasların açılması zərurəti var. "Elmlər bir-biri ilə vəhdət təşkil etdiyindən, hər hansı bir sahə ayrıca deyil, kompleks elmlərlə birgə tədris olunmalıdır", - rektor bildirib.

Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) də müasir tələblərdən irəli gələrək yeni istiqamətlərin tədrisi hazırlanır. ADPU rektoru Yusif Məmmədovun Trend -a bildirdiyinə görə, universitet tərəfindən qoşa ixtisaslar üzrə tədrisin aparılması müəyyənləşib. Onun sözlərinə görə, ADPU-da tarix-coğrafiya, kimya-biologiya tipli ixtisaslar yaradıla bilər. "Kənd yerlərində məktəblərdə hansısa bir fənn müəlliminə ehtiyac var, ancaq dərs saatı az olduğundan müəllimlər orada işləmək istəyində olmurlar", - Məmmədov bildirib.

ADPU rektorunun sözlərinə görə, həmçinin geniş ehtiyac olan ixtisaslar qabiliyyətlə bağlı olanlardır - rəssamlıq, musiqi. "Bununla yanaşı, Təhsil Nazirliyinə ödənişli formada informatika, ingilis dili, fransız dilinin tədris ilə bağlı imkanlarımız barədə məlumat vermişik və ADPU-da bu ixtisasların genişləndirilməsinə şərait var", - Məmmədov bildirib.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da rəhbərlik etdiyi tədris ocağında üç yeni istiqamət üzrə tədrisin təşkilinin planlaşdırıldığını bilıdirib. "Biz aşağıdakı istiqamətlər üzrə tədris təşkil etmək niyyətindəyik: Hindistan, Malayziya və Qafqazşünaslıq", - Seyidov məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ildə universitetin tərcümə fakültəsinin ixtisasları üzrə yenidən islahatların aparılmasına nail olunub, gələcəkdə tələbələrin Türkiyənin Hacəttəpə Universitetində və Strasburq Universitetində təhsillərini davam etdirməsinə və bu nüfuzlu ali məktəblərin diplomlarını almasına imkan yaradılacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev Azərbaycanda bir tələbənin hazırlanmasına ayrılacaq vəsaitin məbləğinin dəqiqləşdirilməli olduğunu hesab edir. "İnkişaf etmiş ölkələrdə adambaşına düşən maliyyənin həcmi təxminən 30 min dollar məbləğindədirsə, bizdə bu rəqəm çox azdır - cəmi 2-3 min arasında dəyişir", - Hacıyev bildirib. Millət vəkilinin fikrincə, hər tələbə üçün ayrılan vəsaitin artırılması istiqamətində proqram olmalıdır və bu proqrama uyğun olaraq vəsaitin həcmi artırılmalıdır.

Tələbələrin ali məktəbi bitirdikdən sonra işlə təmin olunması üçün Hacıyev hesab edir ki, tələbələr və şirkətlər arasında təhsil alan zaman əlaqə yaranmalıdır, onlar təcrübəyə göndərilməlidir. "Bundan sonra həmin şirkət məmnuniyyətlə həmin tələbəni təhsilini bitirdikdən sonra işə qəbul edəcək", - Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti