Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin komitə sədri deyib ki, adlar və xüsusi adlar üzrə komissiyanın sonuncu iclasında soyadlarla bağlı son təkliflər müəyyənləşdirilib.
"Əvvəllər nəzərdə tutulurdu ki, kim istəsə, övladına yeni soyad verə bilər. Amma yeni soyadlar verilməsi hələ ki reallaşmayacaq. Soyadları "-ov", "yev" olanlar ya şəkilçisiz formada, ya da "-lı", "-li", "-lu", "-lü" şəkilçisi əlavə olunmaqla dəyişdiriləcək. Komissiyanın son təkliflərində "-zadə" sonluğuna da razılıq verilməsi nəzərdə tutulur. Məncə, belə də olmalıdır. Çünki bugünkü soyadların 80 faizə qədəri "-ov", "-yev"dir, 10 faizə qədəri "-lı", "-li", "-lu", "-lü"-dür, qalanı isə "-zadə" sonluqludur", - çərşənbə günü Trend -ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Trend arayışı: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayır.
Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
Komitə sədri deyib ki, komissiyanın son qərarına görə, digər şəkilçisiz və "-oğlu" formasında soyadlar da təklif olunacaq.
"-Qızı" forması olmayacaq. Amma qızlar, qadınlar da "-oğlu" soyad sonluğunu götürə biləcək. Azərbaycanda ənənə belədir ki, daha çox qadınlar kişilərin soyadını götürür. Məsələn, birdən kişi qadının soyadını götürmək istəsə, bu necə qarşılanacaq?" - Cəfərov vurğulayıb.
Onun fikrincə, həm ata, həm də ana övladının onun öz soyadında olmasını istəsə, bir qədər anlaşılmazlıq yaranacaq: "Övlad oğlandırsa, "-qızı" soyadını necə götürə bilər? Amma qızların və qadınların kişilərin soyadını götürmə ənənəsi həm Azərbaycanda, həm də Türkiyədə var", - komitə sədri xatırladıb.
Cəfərov deyib ki, təkliflər qəbul ediləndən sonra Ailə Məcəlləsinə soyadlarla bağlı bir maddə də əlavə olunacaq.