...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə zərərçəkənlər ifadə verib

Cəmiyyət Materials 3 May 2010 12:52 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktı ilə bağlı bazar ertəsi keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə zərərçəkənlər ifadə verib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktı ilə bağlı bazar ertəsi keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zərərçəkmiş qismində "Qaz-neft və mədən" fakültəsinin tələbələri Elşən Mustafayev, Sudan vətəndaşı Muhəmməd Mustafa ifadə veriblər. Onlar silahlı şəxsin atdığı güllə nəticəsində yaralandıqlarını bildiriblər.

Muhəmməd Mustafa bildirib ki, hadisə zamanı ikinci mərtəbədə dayanmışdı.

"Silahlı şəxs mənə atəş açdı və əlimdən, ayağımdan yaralandım. Mənə yenə də atəş açmasın deyə yerə yıxıldım və gözlərimi yumdum ki, məni ölmüş bilsin. Təxminən bu vəziyyətdə 20 dəqiqə qalandan sonra təcili yardım gəldi və mən gözümü açdım. Hadisədən sonra şikəst olmuşam, qol və ağız nahiyələrimdə ağrılar var. Qulaqlarım kar olub. Eşitmirəm", - Sudandan olan tələbə deyib.

Sonra "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin müxbiri Anar Əzizov ifadə verib. Bildirib ki, 41 il akademiyada laborant işləyən anası silahlı şəxsin atdığı güllədən vəfat edib.

"Mən işdə olanda həmkarımdan birinə zəng gəldi ki, Neft Akademiyasında silahlı insident olub. Mən anamın telefonuna zəng etdim. Telefona anamın rəfiqəsi cavab verdi. O mənə anamın yaralandığını və vəziyyətinin ağır olduğunu dedi. 10-15 dəqiqəyə özümü ora çatdırdım. Həmin vaxt artıq anam ölmüşdü", - Əzizov bildirib.

İclasda, həmçinin akademiyanın prorektoru Nuhbaba Şıxiyev mülki iddiaçı qismində ifadə verib. O bildirib ki, baş vermiş hadisə ilə bağlı akademiyaya 6000 manat ziyan dəyib.

Təqsirləndirilən Nadir Əliyev, Ariz Qabulov, Cavidan ƏmirovNəcəf Süleymanov ötən iclasda istintaqın qeyri-obyektiv aparılmasına və elan olunmuş ittihama etiraz olaraq, ittiham aktı elan edilərkən qulaqlarını tutaraq məhkəməyə arxa çeviriblər.

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktını sifariş vermiş erməni barəsində beynəlxalq axtarış elan olunub. Dövlət ittihamçısı Yusif Abdullayev bu barədə ötən prosesdə məlumat verib. O bildirib ki, cinayətin sifarişçisi, erməni Martin Qumaşyan barəsində cinayət işi ayrı icraatda aparılır və həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma), Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti