...

Azərbaycanda ağır cinayətlər törətməkdə təqsirli bilinən keçmiş polis rəisinə hökm oxunub

Cəmiyyət Materials 7 May 2010 13:13 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib.
Azərbaycanda ağır cinayətlər törətməkdə təqsirli bilinən keçmiş polis rəisinə hökm oxunub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayətlər törətməkdə təqsirli bilinən keçmiş polis rəisinə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib.

Əliyev Cinayət Məcəlləsinin 2000-ci ilə kimi qüvvədə olmuş qəsdən adam öldürmə, CM-in hazırda qüvvədə olan 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə (terror aktı) hazırlıq görmə), 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilir.

Əliyev ağır cinayətlərdə ittiham olunaraq, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyatçısı Hacı Məmmədovun ifadəsi əsasında həbs edilib.

1993-cü il mayın 10-da Samur - Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında sudan şəxsiyyəti məlum olmayan kişi meyiti tapılmışdır. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14:00 radələrində idarə etdiyi "QAZ-2410" markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilmişdi.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmamışdı. Bu səbəbdən 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılmışdı.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Qara kəmər" şərti adı altında həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmiş Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, eləcə də həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirakını ehtimal etməyə əsas vermişdir. Sadalanan həmin hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnmiş və Xızı Şəhər Prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün MTN İstintaq Baş İdarəsinə göndərilib.

Müəyyən edilib ki, Cavanşir Piriyev 1995-ci ildən beynəlxalq axtarışda olan, əvvəllər Abşeron Rayon Polis Şöbəsinin rəisi işləmiş Məmmədəli Əliyev tərəfindən qətlə yetirilib. Məmmədəli Əliyevin törətdiyi bu cinayət faktı müəyyən edildikdən dərhal sonra, onun tezliklə tutulması üçün bütün hallar, ehtimal və mülahizələr intensiv surətdə və diqqətlə təhlil olunub. İstintaq-əməliyyat tədbirləri ilə Məmmədəli Əliyevin gizləndiyi yer müəyyənləşdirilib və 2008-ci il oktyabrın 28-də o, Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivindəki bağ evində yaxalanıb.

İstintaqın gedişi zamanı Əliyevin Əliyev Hacımurad Sadəddinov və MTN istintaq təcridxanasının növbə üzrə köməkçisi Faiq Azadxan oğlu Mirzəyev ilə cinayət əlaqəsinə girərək, 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə təcridxanadan qaçmış Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayevi MTN-in istintaq təcridxanasından qaçırması məlum olub.
Əliyev 1994-1995-ci illərdə hakimiyyəti ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə xarici dövlətlərdən birinin ərazisində gizlənib. Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, Elçin Əmiraslanov və başqa şəxslərlə əvvəlcədən danışaraq, cinayət əlaqəsinə girib.

Xəbər lenti

Xəbər lenti