...

Ombudsman Şəkidə ictimai dinləmələr keçirib

Cəmiyyət Materials 26 İyul 2010 15:15 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə daxil olan press-relizdə bu barədə məlumat verilir.
Ombudsman Şəkidə ictimai dinləmələr keçirib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin, seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Şəkidə ictimai dinləmələr keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə daxil olan press-relizdə bu barədə məlumat verilir.

Məlumatda bildirilir ki, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-in və icmaların nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymanova dinləmələrdəki çıxışında ölkəmizdə həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatlar barəsində geniş məlumat verib, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlət qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Son vaxtlar ölkəmizdə, o cümlədən, bu rayonda sel və daşqınlar nəticəsində yaranmış problemlərin olduğu vurğulanıb və bu çətinliklərin birgə səylərlə, daxili imkanlar səfərbər olunmaqla mütəşəkkil aradan qaldırılması diqqətə çatdırılıb.

Müvəkkil respublikamızda insan hüquqları sahəsində görülən işlər, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və insan hüquqlarının daha səmərəli həyata keçirilməsinə yönəlmiş qanunların qəbul edilməsi, mükəmməl normativ-hüquqi bazanın yaradılması, Ombudsmanın, o cümlədən, onun Şəki Regional Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Müvəkkil ötən illər ərzində MFP üzrə görülmüş işlərin təhlil edilərək ümumiləşdirildiyini, hesabatların hazırlanaraq ölkə Prezidentinə təqdim olunduğunu, respublika yekun konfranslarının keçirildiyini, bu konfransların materiallarının toplu şəklində nəşr edildiyini, həmin materialların rayonlara paylanıldığı və təcrübə mübadiləsi üçün istifadə olunduğunu bildirib.

Ombudsman Aparatı əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən, penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat-məktəblərə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Ombudsman qarşıdan gələn Parlament seçkiləri ilə bağlı seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, dövlət başçısının müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, eyni zamanda, bütün namizədlərə bərabər imkanların yaradıldığını, seçki prosesinə müdaxilənin yolverilməzliyini vurğulayıb.

Rayon məhkəmə sədri, prokuror köməkçisi və polis şöbəsi rəisinin müavini çıxış edərək, MFP-də nəzərdə tutulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə baxılması, onlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, sabitliyin mövcudluğu, rayonda kriminogen durum, məhkəmə-hüquq islahatları və qətnamələrin icrası, hüquq-mühafizə orqanlarının əməkdaşlığı barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, bir sıra problemlər, o cümlədən, rayonda sel və daşqın nəticəsində dəymiş ziyan, bir sıra evlərin uçması, bəndlərin, yolların dağılması, həmçinin, bəzi kəndlər arasında asfalt yolların çəkilməməsi, uşaqların istirahət və əyləncə yerlərinin olmaması, vəkillik institutunun zəif olması, QHT-lər və ictimai birliklərlə bağlı bir sıra çətinliklər diqqətə çatdırılıb.

Süleymanova MFP-nin həyata keçirilməsində dövlət orqanları, QHT-lərin, icmaların, bələdiyyələrin səylərinin birləşdirilməsinin, əlillərin hüquqlarının diqqətdə saxlanılması, insan hüquqları, o cümlədən, seçki hüquqları sahəsində geniş maarifləndirmə tədbirlərinin, seçicilərin hüquqlarının müdafiəsinin, VVAQ, hərbi komissarlıq və polis orqanları ilə birlikdə seçici siyahılarının təkmilləşdirilməsinin, vətəndaşların, o cümlədən, ucqar kəndlərdə yaşayanların da şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, seçkilərdə fəallığın, vətəndaşlara öz seçimini etmək üçün şəraitin yaradılmasının, namizədlərə bərabər imkanların, seçkilərin azad və demokratik keçirilməsi üçün bu proseslərə hakimiyyət orqanları və polisin müdaxiləsinin yolverilməzliyinin zəruriliyini qeyd edib.

Müvəkkil, həmçinin, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ilə birgə bu rayon üzrə ünvanına daxil olmuş ərizələri araşdırıb və müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti