Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir S.Ağayeva/
Görkəmli alim, filologiya elmləri doktoru, professor, ilk şərqşünas qadın və əsərləri bu gün bütün dünyanın diqqətində olan Aida xanım İmanquliyevanın məqalə və tərcümələri "Məqalə və tərcümələr" adlı kitaba daxil edilib. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu tərəfindən çap olunub.
Kitabın müəllif-tərtibatçısı institutun "Ərəb filologiyası" şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərdir.
Görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 71 illiyi münasibətilə çap olunan kitaba onun 60-80-ci illərdə dərc edilmiş əsərləri daxildir.
"Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin əsasını qoydu", - Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva kitabın təqdimat mərasimində deyib.
Baxşəliyeva qeyd edib ki, professor Aida İmanquliyeva özündən sonra zəngin irs qoyub, onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib.
Təqdimat mərasimində kitabın müəllif-tərtibatçısı Vilayət Cəfər bildirib ki, Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, "müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açan" Aida İmanquliyevanın fəaliyyətini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, ilk qadın şərqşünasın tədqiqat işləri və tərcümələri Azərbaycan ədəbiyyatının sərvətidir. AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb.