...

Azərbaycanda övladlığa götürmə və ya mirasa sahib çıxmanın asan yolu

Cəmiyyət Materials 22 Oktyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanda övladlığa götürmə və ya mirasa sahib çıxmanın asan yolu
Azərbaycanda övladlığa götürmə və ya mirasa sahib çıxmanın asan yolu

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir qayda olaraq uşaqlar ahıl nənə və babaları tərəfindən övladlığa götürülür. Ali Məhkəmənin Plenumunda bu məsələ müzakirə edilərkən məlum olub ki, övladlığa götürənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir.

Nənənin və ya babanın öz nəvələrini (özü də hər iki valideyni olan nəvələrini) övladlığa götürməsi hansı istəkdən doğur, hansı motivlər onların və öz uşaqlarını babalara və nənələrə övladlığa verən valideynlərin hərəkətlərini şərtləndirir?

Qanunvericiliyimiz öz doğma uşaqları olan şəxslərə başqalarını da övladlığa götürməyi qadağan etmir. Lakin Ali Məhkəmənin bu işlərlə bağlı apardığı ümumiləşdirmə zamanı müəyyən edilib ki, övladlığa götürənlərin məqsədi övladlığa götürülənlərin gələcəkdə onların əmlaklarına sahib olmaq və onların təqaüdlərini alması istəyidir.

Ailə qanunvericiliyinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.
Övladlığagötürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir.
Azərbaycan Ali Məhkəməsi ötən il məhkəmələrdə övladlığagötürmə və övladlığagötürmənin ləğvi ilə əlaqədar baxılan mülki işlərin ümumiləşdirilməsini aparıb. Məhkəmə ümumiləşdirməsi zamanı məlum olub ki, məhkəmələr övladlığagötürmə və övladlığagötürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxarkən bir sıra pozuntulara yol verirlər.

Ümumiləşdirmənin nəticəsinə görə, 2008-ci ildə məhkəmələr tərəfindən uşaqların övladlığa verilməsi ilə bağlı 792 işə baxılıb. 2007-ci ildə isə bu göstərici 959 olub.
Həmin işlərdən 617-si övladlığa götürmə, 45-i isə övladlığagötürmənin ləğvi ilə bağlıdır. Qətnamə çıxarılan 724 işdən 706-sı təmin olunub, 18-i isə rədd edilib. Övladlığa götürülən uşaqlardan 477 nəfəri 10 yaşınadək, 99 nəfəri 10-17 yaşınadək olan uşaqlardır. Övladlığa verilən uşaqların 457 nəfəri hər iki, 119 nəfəri isə bir valideyni olan uşaqlardır. Övladlığa götürülən uşaqlardan 559 nəfəri Azərbaycan vətəndaşlarına, 7-si isə əcnəbi vətəndaşlara (Türkiyə, ABŞ, Norveç, Rusiya və Gürcüstan) verilib.

Azərbaycanda bu ilin birinci yarısında VVAQ orqanlarında 235 övladlığagötürmə faktı rəsmiləşdirilib. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən Trend-ə verilən məlumata görə, ötən il bu göstərici 656 olub.

Naxçıvan MR-in Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının sədri Əli Allahverdiyevin övladlığagötürmə ilə bağlı məhkəmənin saytında yerləşdirilən məqaləsində deyilir ki, yaşı 80-i haqlayan nənə və yaxud babanın, özünün 7-8 uşağı olduğu halda, doğma ata-anasının qayğısı altında yaşayan nəvəsini də övladlığa götürmək istəyinin nədən irəli gəldiyi, onun hansı məqsədlərə yönəldiyi və digər hallar diqqətlə araşdırılmalı və belə ərizəçilərin, eləcə də öz uşaqlarını onların övladlığına verməyə razı olan valideynlərin hərəkətlərini şərtləndirən motivlər daha dürüst öyrənilməlidir.
Allahverdiyevin sözlərinə görə, Culfa rayon məhkəməsində 2005-ci ildə baxılan işlər arasında 3 yaşlı uşağın 95 yaşında qocaya övladlığa verilməsi halına təsadüf edilir. Həmin məhkəmə tərəfindən sözügedən dövrdə baxılan bir işdə isə uşaq 1928-ci il təvəllüdlü II qrup əlil kimi rəsmən qeydiyyata alınan şəxsin övladlığına verilmişdi.

"Halbuki, qanunvericilik I və II qrup əlillərə uşağın övladlığa verilməsini birbaşa qadağan edir. Belə ki, Ailə Məcəlləsinin 120.1.5-ci maddəsinə əsasən, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir", - hakim vurğulayır.
Allahverdiyevin sözlərinə görə, kifayət qədər maddi təminatları olmayan, qoca, xəstə olan və bu səbəblər üzündən başqalarının qayğısına ehtiyac duyan insanlar övladlığa götürdükləri uşaqlara baxmaq, onlara lazım olanları vermək və bütün hüquqlarını ən yaxşı səviyyədə təmin etmək iqtidarında deyillər.
"Övladlığagötürmə uşağın yeni ailəsində yaşaması, tərbiyə edilməsi, daima onların sevgisi, məhəbbəti ilə əhatə olunması deməkdir. Hətta uşağın mənafeyinin təmin edilməsi belə, qanunun pozulmasına və yaxud qanundan sui-istifadəyə bəraət qazandıra bilməz", - Kollegiya sədri vurğulayıb.

Konstitusiya Məhkəməsinin şöbə müdiri Anar Cəfərov Trend-ə bildirib ki, Azərbaycan vətəndaşlarına uşaqların övladlığa verilməsi ilə bağlı məhkəmə qərarları formaldır.  

"Belə işlər üzrə qəbul edilən qətnamələrdən şikayət verən də yoxdur. Çünki mübahisə də yoxdur. Tərəflər bu məsələləri əvvəlcədən öz aralarında həll edir və məhkəməyə çıxarırlar. Övladlığagötürmənin şərtləri var və məhkəmələr tərəfindən bu şərtlər yoxlanılmalıdır", - Cəfərov bildirib.
KM rəsmisi deyir ki, Azərbaycanda bir qayda olaraq vərəsəliklə bağlı problemlər yaranmasın, miras gəlinə və digər şəxslərə keçməsin deyə, baba və nənələr öz nəvə və nəticələrini övladlığa götürürlər.

Cəfərov deyir ki, bir qism şəxslər isə hərbi xidmətdən yayınmaq məqsədilə öz yaxınlarının uşağını övladlığa götürürlər.

"Hərbi çağrışın əsasları haqqında" qanunun 17.2-ci maddəsində qeyd olunur ki, hərbi xidmətə çağrılanadək 3 və daha artıq uşağı olan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bəzi vətəndaşlar qanunun bu müddəasını əsas götürərək yaxın qohumlarının uşaqlarını formal olaraq övladlığa qəbul edirlər.

Şöbə müdiri deyir ki, 15-16 yaşlı uşağın övladlığa götürülməsi, yaxud 70 yaşlı babanın nəvəsini övladlığa götürməsi hakimdə şübhə yaratmalı və məhkəmə bunu mütləq araşdırmalıdır.

Ali Məhkəmənin Plenumunda övladlığa götürmə ilə bağlı məsələ müzakirə edilərkən təcrübədə məhkəmələrin bu halları araşdırmadıqları məlum olub.

"Övladlığagötürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən  qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmənin  Plenumunun 29 oktyabr 2009-cu il qərarında məhkəmələrə tövsiyə olunur ki, valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən hər iki tərəfin əsl məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə övladlığagötürmənin müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalıdır.

Plenum qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmə övladlığagötürmə ilə bağlı qərar verərkən həm övladlığa götürənin, həm də övladlığa verilənin sağlamlıq durumu ilə bağlı həkim rəyi tələb etməlidir. Həmçinin, övladlığa götürənin həmin uşağı saxlamaq üçün maddi imkanının olub-olmadığını araşdırmalıdır.

Vəkil Arzu Alıyeva yuxarıda qeyd olunan problemlərin həlli ilə bağlı Plenum qərarının məhkəmələr üçün tövsiyə xarakteri daşıdığını, qanunun həmin məsələlərlə bağlı məhdudiyyət nəzərdə tutmadığını əsas gətirərək belə halların gələcəkdə də baş verəcəyini deyir. Alıyeva qanunvericilikdəki boşluğun aradan qaldırılacağı təqdirdə, təcrübədəki problemlərin həll olunacağına ümid edir.

Ali Məhkəmənin Plenumu müəyyən edib ki, məhkəmələrin yol verdiyi nöqsanlardan digəri isə övladlığagötürmə və ya övladlığagötürmənin ləğvi ilə bağlı məhkəmə qərarlarının açıq elan olunmasıdır.
Qanuna görə, bu qəbildən olan işlərə məhkəmələr qapalı iclasda baxmalıdılar. Lakin bütün məhkəmə qərarlarının açıq elan edilməsi övladlığagötürmə ilə bağlı sirrin yayılmasına səbəb olur.
Ali Məhkəmənin məlum Plenumunun qərarında qeyd olunur ki, övladlığagötürmənin qanunla qorunan sirrinin mühafizəsi məqsədilə övladlığagötürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır.
Ali Məhkəmə övladlığagötürmə barədə məhkəmə qərarlarının qapalı elan olunması haqqında qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edib.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası Övladlığagötürmə Sektorunun müdiri Vəsilə Möhsümova Trend-ə bildirib ki, 2009-cu ildə Komitə tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə 5 uşaq verilib və onlardan üçü oglan uşağı, ikisi isə qız uşağıdır. Övladlığa verilən uşaqlardan birinin səhhətində problem olub. Komitə övladlığagötürmə üzrə mərkəzi orqan təyin edildikdən sonra ümumilikdə 12 uşaq xarici vətəndaşlara övladlığa verilib. Onlardan 8-i qız, 4-ü oğlan uşağıdır. Komitə rəsmisi deyir ki, xarici vətəndaşlara övladlığa verilmiş uşaqlar əsasən xəstə uşaqlardır.

"Kəllə-beyin travması, dovşandodaq və digər xəstəliklərə tutulmuş uşaqlar xarici ölkə vətəndaşlarına övladlığa verilib. Bu xəstəliklərin müalicəsi, əməliyyatlar çox bahalı olduğundan ölkə vətəndaşları bu uşaqları övladlığa götüməkdən imtina edir və onlar əcnəbilərə təklif olunur. əcnəbilər üçün isə bu xəstəliklərin müalicəsi elə də çətin deyil", - Möhsümova bildirib.
Komitə rəsmisi deyir ki, Azərbaycandan uşaqları övladlığagötürmə ilə bağlı daha çox ABŞ vətəndaşları müraciət etsə də, 2009-cu ildə əsasən Avropa ölkələrinin vətəndaşlarına uşaq övladlığa verilib. Komitəyə müraciət edən ölkələr arasında Fransa, İngiltərə, İsveçrə və İtaliya dövlətləri var.

Mülki Prosessual Məcəlləsinin 350-ci maddəsinə əsasən, məhkəmələr uşağı övladlığa verən zaman məhkəmə qətnamələrində uşağın sonrakı həyat tərzinə nəzarət etməsi ilə bağlı övladlığa götürənin qarşısında müəyyən tələb qoyur.

Uşağı övladlığa götürən ailə Komitənin tələbi ilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat və şəraiti, inkişafı, təhsili və s. barəndə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir.

Sektor müdiri deyir ki, bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı və s. haqqında sənədləri daxildir və həmin sənədlərlə uşağın yaşadığı həyat şəraiti ilə tanış olmaq mümkündür.

Komitə övladlığa götürmə üzrə mərkəzi orqan təyin edildikdən sonra valideyn öhdəliyinin yerinə yetirilməməsinə dair problemə rast gəlinməyib.

Möhsümova deyir ki, belə hal baş verərsə, Komitə övladlığa götürmənin ləğv olunması məsələsini irəli sürmək səlahiyyətinə malikdir.

Sektor müdiri deyir ki, Komitə tərəfindən yaş həddinin konkret təyin olunması, tələb olunan sənədlərin sayı və digər məsələlərlə əlaqədar qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə təkliflər verilib.

Xəbər lenti

Xəbər lenti