...

Misirdə Azərbaycanla bağlı müsabiqəyə start verilib

Cəmiyyət Materials 1 Noyabr 2010 00:13 (UTC +04:00)
Oktyabrın 31-də Azərbaycanın Misirdəki səfirliyi, Azərbaycanın gənclər və idman nazirliyi və Misirin Qahirə universitetinin birgə layihəsi olan “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə start verilib. Bu barədə bazar günü ölkəmizin Misirdəki səfirliyinin yaydığı məlumatda bildirilib.
Misirdə Azərbaycanla bağlı müsabiqəyə start verilib

Oktyabrın 31-də Azərbaycanın Misirdəki səfirliyi, Azərbaycanın gənclər və idman nazirliyi və Misirin Qahirə universitetinin birgə layihəsi olan "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə start verilib. Bu barədə bazar günü ölkəmizin Misirdəki səfirliyinin yaydığı məlumatda bildirilib.

Layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazmaları nəzərdə tutulur.
 
Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanın artırmaq, Misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır.
 
İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcəkdir.
 
Qahirə universitetinin rektoru Hüsəm Kamil və prorektoru Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlayıb, onun körpü rolunu oynayaraq, Azərbaycan-Misir gənclərinin bir araya gətirilməsi, ölkələrimizin elmi dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.
 
Qahirə universitetindən "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin əlaqələndiricisi, Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu proqramının  direktoru Doktor Pakinam Əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən xüsusi maraqla qarşılandığını qeyd edərək, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasındakı dostluğun güclənməsinə xidmət etdiyini vurğulayıb.
 
Layihə çərçivəsində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən tələbələrlə görüşlər keçiriləcək və onlara yazdıqları inşa mövzusu ilə əlaqədar əlavə elmi və tədqiqat materialları veriləcəkdir.

Azərbaycanın gənclər və idman nazirliyinin dəvəti əsasında Azərbaycan ilə daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşanın müəllifinin Azərbaycana səfəri təşkil olunacaqdır.

Layihənin 2011-ci ilin yanvarın 25-də qaliblərin təltif edilməsi ilə başa çatması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti