...

Azərbaycan və Almaniya peşə təhsili sistemində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb

Cəmiyyət Materials 9 Dekabr 2010 10:57 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Almaniyanın KNAUF şirkəti ilə peşə təhsil sistemində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.
Azərbaycan və Almaniya peşə təhsili sistemində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi Almaniyanın KNAUF şirkəti ilə peşə təhsili sistemində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib.

"İmzalanmış sənədə əsasən, alman şirkətinin dəstəyi ilə Azərbaycanda inşaat ixtisası üzrə kadrların hazırlanmasına başlanılacaq", - Məmmədov bildirib.

Onun sözlərinə görə, kadrların hazırlanması üçün üç pilot müəssisə - Bakı şəhəri 4 və 18 saylı peşə liseyləri və 3 saylı Gəncə peşə liseyi müəyyən edilib.

KNAUF şirkəti texniki peşə təhsili sahəsində şagirdlərin istehsalat təcrübəsi keçməsində, metodiki vəsaitlərin və tədris standartlarının hazırlanmasında Təhsil Nazirliyinə yardım edəcək.

Şöbə müdiri bildirib ki, Almaniya peşə təhsili sistemi Azərbaycan üçün cəlbedicidir və bu ölkə ilə peşə təhsili üzrə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti 2010-cu il oktyabrın əvvəllərində Almaniyanın Köln şəhərinə iki ölkənin təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi məqsədilə səfər edib.

Xəbər lenti

Xəbər lenti