...

Almaniyadakı Azərbaycan diasporunun illik fəaliyyəti müzakirə olunub

Cəmiyyət Materials 14 Dekabr 2010 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin Berlində illik iclası keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən toplantıda bu ölkədəki diasporumuzun təşkilatlanması məsələləri müzakirə olunub. İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin birinci katibi Fikrət Axundov, Almaniya Bundestaqının keçmiş üzvü Hakkı Kəskin, AAKM idarə heyətinin üzvləri - Mərkəzin prezidenti Başar Kömür, AAKM-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov toplantıda çıxışı zaman AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Sonra AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova Mərkəzin ikiillik fəaliyyəti haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul ediblər.

Tədbirdə həmçinin AAKM-in idarə heyətinin buraxılıb yenidən formalaşdırılması müzakirə olunub. İdarə heyətinin təzə tərkibi səsvermə yolu ilə yenidən seçilib və buraya 3 yeni üzv əlavə olunub: Almaniya Bundestaqının keçmiş üzvü Hakkı Kəskin, Azərbaycan Kültür Cəmiyyətinin üzvü, alman dili üzrə mütəxəssis Naiba Hantel, Alman-Azərbaycan Forumunun üzvü, hüqüqşünas Pərviz Yazdani.

İclas Almaniyada fəaliyyət göstərən Azərbaycan icmalarının sədrləri və diasporumuzun fəallarının iştirakı ilə davam edib. Səfir Pərviz Şahbazov bir daha AAKM-in fəaliyyətini yüksək dəyərləndirdiyini deyərək Almaniyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai həyatına dərindən inteqrasiya olmalarının labüdlüyünü vurğulayıb və bütün iştirakçıları Koordinasiya Şurasının üzvü olmağa dəvət edib. Sonra AAKM-in fəaliyyəti haqqında geniş məlumat verən qurumun icraçı direktoru Samirə Patzer-Ismayılova Almaniyanın müxtəlif əyalət və şəhərlərindən gəlmiş diaspor nümayəndələrinə AAKM-in çoxşahəli fəaliyyəti haqqında hazırladığı vizual görüntülərlə müşayiət olunan məruzə təqdim edib. Sonra cəmiyyət sədrləri və diaspor fəalları çıxış ediblər. Münhendən gələn Kəmalə Kərimova yaşadığı şəhərdə fəaliyyət göstərən "Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti"nin yaranması və fəaliyyətindən danışıb. Eyni zamanda qeyd edib ki, bu ilin noyabr ayında Münhen şəhərindəki Əcnəbilər Şurasına öz namizədliyini irəli sürərək seçkilərə qatılıb.

Frankfurtdakı Azərbaycan diasporunun təmsilçisi Cümə Məmmədov da 2010-cu ilin noyabr ayında Frankfurt şəhəri üzrə keçirilən seçkilərdə iştirak edərək Əcnəbilər Şurasına üzv seçilməsindən danışıb. "Hannover Xəzər Cəmiyyəti"nin sədri Etibar Qəniyev isə qurumun gördüyü işlər haqqında məlumat verib və bildirib ki, cəmiyyətin fəaliyyətində alman siyasi partiya və ictimai təşkilatları ilə əlaqələrin möhkəmlənməsinə üstünlük verilir. Kölndən gəlmiş professor Reza Talebi-Daryani Alman-Azərbaycan Forumunun üzvü olaraq Azərbaycanın dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. O, Kölndə çalışdığı ali məktəbdə Azərbaycanın iqtisadiyyatı haqqında tədris proqramı hazırlayaraq çap etdiyini söyləyib və onun bir nüsxəsini AAKM-ə təqdim edib. İclasda gəncləri təmsil edən Leypsiq Universitetinin tələbəsi Polad Poladlı Leypsiqdə azərbaycanlı tələbələrin respublikamıza aid keçirdikləri tədbirlər barədə məlumat verib. Ermənilərin informasiya təxribatlarının qarşısını almaq istiqamətində, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin alman ictimaiyyətinə çatdırılması sahəsində gördükləri işlərdən danışan Poladlı Azərbaycan Respublikasının Almaniyadakı səfirinə və AAKM-ə müraciətlə Almaniyaya təhsil almağa gələn gənc nəslə daha artıq himayədarlıq etməyin, gəncləri istiqamətləndirməyin və onlara dəstək olmağın vacibliyini vurğulayıb. Maqdeburqda fəaliyyət göstərən "Saksen-Anhalt Azərbaycan Mədəniyyət Cəmiyyəti"nin sədri Yaşar Niftəliyev isə təşkil etdikləri boks turnirlərindən və bu turnirlərdə Azərbaycan bayrağının qaliblər sırasında ucaldılmasından danışıb. O, bu turnirlərdə Azǝrbaycanın dövlət himnini, Azərbaycan musiqisini ("Sarı gəlin" xalq mahnısı) səsləndirməklə dövlətimizin, mədəniyyətimizin təbliğinə xidmət etdiklərini bildirib.

Drezdendə fəaliyyət göstərən "ALM.AZ" cəmiyyətinin sədri Ağa Hüseyn Babayev qurumun Azərbaycan, xüsusilə də Qarabağ həqiqətlərini əks etdirən materialların ictimai kitabxanalara paylanması, milli bayramların və qan yaddaşımızla bağlı tədbirlərinin mütəmadi qeyd olunması haqqında qısa hesabat verib. Sonda diaspor nümayəndəsi İlter Tosun AAKM və səfirliyə üz tutaraq gənc nəslin işlə təmin olunmasına mümkün formada yardım göstərilməsini təklif edib. Toplantıda Nüsrət Delbaste, Bahəttin Kaya da fikirlərini bölüşüblər.

Sonra 2011-ci il üçün tədbirlər planı müzakirə edilib. Təkliflər dinlənildikdən sonra iclası aparan AAKM-in prezidenti Başar Kömür cəmiyyət sədrlərindən qısa müddətdə tədbirlərin daha yüksək səviyyədə koordinasiya olunması məqsədilə 2011-ci ilə aid tədbirlər planının AAKM-ə təqdim olunmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti