Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın təhsil naziri bildirib ki, son illər ölkədə peşə təhsilinə maraq artıb.
"Son 3 ildə Azərbaycanda peşə təhsilinə maraq göstərənlərin sayı 2 min nəfər artıb", - Trend-in məlumatına görə, çərşənbə axşamı peşə məktəblərinin inkişafı layihəsi çərçivəsində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, son 4 ildə peşə təhsili məktəblərinə şagird qəbulu 4 min nəfər artıb. Ötən il peşə məktəblərini 10 602 nəfər bitirib. Onlardan 3 670 nəfəri işlə təmin olunub. 3 084 nəfəri hərbi xidmətə gedib, 135 nəfəri təhsilini davam etdirib.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə peşə təhsilinin inkişafı ilə bağlı layihə həyata keçirilir. Layihə çərçivəsində turizm müəssisələri üçün kadr hazırlanır. Bakıdakı kolleclərdən biri Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib.
Mərdanov deyib ki, 2005-2011-ci illər peşə təhsilinə dövlət tərəfindən ayrılan vəsait 4 dəfədən çox artıb, bu da kifayət deyil.