...

Azərbaycanda qanunsuz ov edən şəxslər cərimələnib

Cəmiyyət Materials 19 Fevral 2011 14:49 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ov edən şəxsləri cərimələyib.
Azərbaycanda qanunsuz ov edən şəxslər cərimələnib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ov edən şəxsləri cərimələyib. Trend-in ETSN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

Bakı şəhərində keçirilən reydlər zamanı N.Nərimanov rayonu, Ə.Əliyev küçəsində Faiq Hacıyev və Nizami rayonu, Naxçıvaniski küçəsində Azim Namazov tərəfindən ov quşlarının qanunsuz olaraq satışının həyata keçirilməsi faktları aşkar edilib. Qanun pozucularından ümumilikdə 49 ədəd ov quşu götürülüb və yandırılaraq məhv edilib. Hacıyev və Namazovun hər birinə 200 manat məbləğində cərimə tətbiq edilib və ödənilməsi təmin olunub.

Biləsuvar rayonu Xıllı kəndi və Hacıqabul rayonu Padar kəndi ərazilərində keçirilən reydlər zamanı isə yol kənarında qanunsuz ov quşlarının satışı aşkar edilib və müvafiq qaydada sənədləşdirilib. Nazirliyin əməkdaşları tərəfindən götürülmüş 4 ədəd qaşqaldaq və 3 ədəd bəzgək quşu isə yandırılaraq məhv edilib.

Şabran, Xızı, Siyəzən, Ağsu və Astara rayonları ərazisində keçirilən reydlər zamanı qanunsuz ov edən 17 nəfər saxlanılıb və onlardan 17 ədəd ov tüfəngi götürülüb. Qanun pozucularından götürülmüş 8 ədəd qaşqaldaq və 3 ədəd çirok quşu isə yandırılaraq məhv edilib. Fakt üzrə 10 şəxs barəsində inzibati qaydada hər birinə 1000 manat məbləğində cərimə tətbiq edilib, digərlərinin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Ağgöl Milli parkı, Qızılağac və İlisu Dövlət Təbiət qoruqları, Qırmızıkənd, Zəvvar və Ağzıbir Ovçuluq təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 8 şəxs saxlanılıb və onlardan ümumilikdə 10 ədəd ov tüfəngi və 46 ədəd patron aşkar edilərək götürülüb. Fakt üzrə müvafiq qaydalara uyğun olaraq akt və protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti