Beşini abzasdan sonra əlavə olunub (ilk xəbər 15:48-də dərc edilib)
Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/
Cümə günü Bakıda fevralın 23-də ağır xəstəlikdən sonra Vyanada vəfat etmiş Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovla vida mərasimi keçirilib. Mərasim "Təzəpir" məscidində təşkil olunub.
Mərasimdə Azərbaycan Nazirlər Kabinetinin, nazirliklərin yüksək rütbəli nümayəndələri, ziyalılar, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində anadan olub.
BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib. Prezident Aparatında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildən Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi və Azərbaycanın Slovakiya və Sloveniyadakı səfirləri olub.
"Fuad İsmayılovun ölümü Azərbaycan diplomatiyası üçün böyük itkidir. O, təcrübəli diplomat idi", - Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
"Mənim üçün uzun müddət birlikdə işlədiyim Fuad İsmayılov haqqında danışmaq ağırdır. O, öz vətənpərvər, yüksək səviyyəli peşəkar, Azərbaycanın maraqlarını beynəlxalq arenada dəfələrlə müdafiə edən bir şəxs olub", - Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov deyib.
Allah rəhmət eləsin!