...

Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva ermənilər tərəfindən qətlə yetirilmiş uşağın ailə üzvləri ilə görüşüblər

Cəmiyyət Materials 13 Mart 2011 19:55 (UTC +04:00)
Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva bu gün Ağdam rayonunun Orta Qərvənd kəndində olublar.
Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva ermənilər tərəfindən qətlə yetirilmiş uşağın ailə üzvləri ilə görüşüblər

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva bu gün Ağdam rayonunun Orta Qərvənd kəndində olublar.

E. Süleymanova və Q. Paşayeva martın 8-də erməni snayperi tərəfindən vurulan 9 yaşlı Fariz Bədəlovun ailəsi ilə görüşüblər.

Onlar yas mərasimində iştirak edəndən sonra azyaşlının vurulduğu yerə baxış keçirib, həmin ərazidən düşmən mövqelərini müşahidə ediblər.

Hadisə yerində olan jurnalistlərə açıqlamasında E. Süleymanova bildirib ki, erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu öldürməsi faktı bir daha bütün dünyaya müharibənin hələ də davam etdiyini, günahsız insanların, uşaqların, ahılların, dinc sakinlərin hələ də erməni hərbiçiləri tərəfindən öldürüldüyünü bir daha göstərib.

Q. Paşayeva isə bildirib ki, nəinki Fariz Bədəlovun, başqa cəbhəyanı yaşayış məntəqələrində də azyaşlıların düşmən tərəfindən hədəfə alınması azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir.

Onun sözlərinə görə, Azərbaycan bu məsələni bütün beynəlxalq strukturlar çərçivəsində qaldırır: "AŞPA nümayəndə heyətinin üzvləri olaraq biz bu məsələni Avropa Şurası və AŞPA-da qaldıracağıq. Ermənistanın törətdiyi bu vəhşilik, bu vandalizm aktı Avropa Şurasının üzvlərinə, rəhbərliyinə bütün aspektlərdə çatdıracağıq. Ermənistanın bu addımı bir daha onların iç üzünü göstərir. Həyətində oynayan körpə bir uşaq snayperlərlə qətlə yetirilməsi Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətini ortaya qoyur. Göstərir ki, onlar körpə uşaqları belə qətlə yetirməyə belə qadirdirlər. Biz onların körpə uşaqlara qarşı törətdikləri vəhşilikləri, vandalizm aktlarını Xocalı soyqırımı zamanı, Ermənistanın torpaqlarımızı işğal etdiyi zamanı da görmüşük. Çox təəssüf ki dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın bu əməllərinin cəzalandırılması üçün lazımi addımlar atmadılar, bunun nəticəsidir ki, həm beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən Ermənistana təyziqlərin edilməməsi nəticəsində Ermənistan həmin vandalizm aktlarını davam etdirir. Sivil insanların, körpə uşaqların qətlə yetirilməsi beynəlxalq hüquqa, Avropa Şurasının prinsip və dəyərlərinə görə ən ağır cinayətlərdən biridir".

Qənirə Paşayeva sessiya çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi məsələsinin qaldırılacağını bildirib: "Biz bu məsələni qaldıraraq vurğulayacağıq ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Öhdəlikdə deyilir ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır, amma Ermənistan nəinki münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmır, əksinə körpə uşaqları snayperlərlə qətlə yetirərək vəziyyəti daha da gərginləşdirən addımlar atır. Ermənistan AŞ PA-nın qəbul etdiyi qətnamələrin tamamilə əksinə addım atır. Həmin qətnaməyə görə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli, Azərbaycan qaçqın və köçkünlərin qayıtmasına imkan verməlidir, Ermənistan isə neçə illərdir AŞPA-nın bu qətnaməsini nəinki yerinə yetirmir, əksinə atəşkəsi pozaraq, körpə uşaqları qətlə yetirərək özlərinin vandalizm aktlarını davam etdirirlər. Avropa Şurası, AŞPA 9 yaşlı uşağın qətlə yetirilməsini pisləməli, bu məsələyə özünün mənfi münasibətini ortaya qoymalı və Ermənistana qarşı addımlar atmalıdır, təzyiqlər etməlidir. Biz bunu Avropa Şurasının bütün qurumları çərçivəsində təkcə çıxışlar etməklə deyil, təşkilatın sənədləri şəkilində də qəbul edilməsinə nail olmağa çalışacağıq".


Qonaqları Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov qarşılayıb, o da digər rayon rəsmiləri ilə bərabər qonaqlarla birgə yas mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti