Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda şəhər mərkəzində, nəqliyyatın, əhalinin gur olduğu yerdə hər hansı bir aksiyanın keçirilməsi çoxlu sayda insanların hüquqlarının pozulması deməkdir. Bunu Trend-ə cümə günü Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
"Azərbaycanda sərbəst toplaşma azadlığının qorunması konstitusion hüquqdur və dövlət bu hüququn gerçəkləşdirilməsini vacib bir şərt sayır. Sərbəst toplaşmaq azadlığı haqqında qanunda göstərilir ki, insanların bir araya gəlməklə öz fikirlərini paylaşması onların haqqıdır, ancaq həmin insanların hüquqlarının gerçəkləşməsi başqalarının hüquqlarının məhdudlaşdırılması hesabına olmamalıdır", - Aslanova deyib.
Onun sözlərinə görə, qanunun müddəasına əsasən, sərbəst toplaşmaq arzusunda olan insanlar müvafiq icra hakimiyyəti orqanına bununla əlaqədar məlumat verirlər, qanun çərçivəsində dəqiq yerlər müəyyən olunur.
Aslanova qeyd edib ki, piket və mitinq təşəbbüskarları "bir şəxsin hüququ digər şəxsin hüququnun başladığı yerdə bitir" prinsipinə əsaslanaraq öz fəaliyyətlərini qurmalıdırlar.
Aprelin 2-də bəzi müxalifət partiyaları icazəsiz mitinq keçirməyi planlaşdırır.