...

Azərbaycan tələbələrinin ABŞ-da təhsil alması üçün 6 həftəlik təhsil proqramı elan edilib

Cəmiyyət Materials 1 Aprel 2011 19:49 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan tələbələrinin yay vaxtı Birləşmiş Ştatlarda təhsil almasına imkan verən ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramını elan edib. Bu barədə cümə günü Trend-ə ABŞ səfirliyindən məlumat verilib.
Azərbaycan tələbələrinin ABŞ-da təhsil alması üçün 6 həftəlik təhsil proqramı elan edilib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan tələbələrinin yay vaxtı Birləşmiş Ştatlarda təhsil almasına imkan verən ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramını elan edib. Bu barədə cümə günü Trend-ə ABŞ səfirliyindən məlumat verilib.

ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət məsələləri bürosunun SUSI Azərbaycanın ali təhsil ocaqlarının birinci, ikinci və üçüncü kurs tələbələri üçün nəzərdə tutulmuş ABŞ-ın Hantsvil şəhərində yerləşən Alabama Universitetində akademik təhsil proqramıdır.

"İki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədilə Birləşmiş Ştatlar və Azərbaycan arasında mübadilə proqramları mühüm bir vasitədir. Bu sahədə daha çox iş aparmaq lazım olduğunu nəzərə alaraq, ABŞ səfirliyi ali və orta məktəblər üçün daha çox qısa müddətli mübadilə proqramlarını həyata keçirmək məqsədilə bu il əlavə olaraq 2 milyon ABŞ dolları məbləğində investisiya ayırır", - səfir Metyu Brayza deyib.

SUSI proqramı ABŞ-da 6 həftəlik dərəcəsiz təhsil proqramıdır.

İştirakçılar J-1 viza xərcləri, öz şəhərlərindən ABŞ-da təhsil alacaqları yerə qədər və geriyə yol xərcləri, aylıq təqaüd və təhsil xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, yaşayış və yemək xərcləri, gözlənilməz kiçik xərclər və məzunlar arasında geniş əlaqə və təlim keçmə imkanları ilə təmin olunurlar.

SUSI proqramı üçün ərizə formalarını əldə etmək və təhvil vermək üçün IREX təşkilatının Azərbaycandakı ofisinə müraciət edin. Bundan əlavə, ərizələri www.irex.az veb-səhifəsindən yükləmək olar. Müraciət formasını təqdim etmək üçün son tarix 22 aprel 2011-ci ildir.

Xəbər lenti

Xəbər lenti