...

Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadə oluna bilər - PX rəisi

Cəmiyyət Materials 26 Aprel 2011 14:51 (UTC +04:00)
Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadə oluna bilər.
Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadə oluna bilər - PX rəisi

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadə oluna bilər.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunaraq cəza çəkən 5 minə yaxın məhkum var. Onlar vaxtilə narkotiklərdən istifadə etdiklərinə görə saxlanılıblar.

Quliyev narkoman məhkumların metadonla müalicəsinin tətbiqi ilə bağlı məsələnin nəzərdən keçirildiyini bildirib.

"Metadon müalicəvi preparat olsa da, ondan mütəmadi istifadə asılılıq yaradır. Ona görə də, biz bu üsulun həm müsbət, həm də mənfi tərəflərini öyrənirik. Araşdırmalardan sonra metadondan istifadənin tətbiqi ilə bağlı yekun qərar veriləcək", - Xidmət rəisi vurğulayıb.

BMT Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadəni təklif edib. Bunu BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Azərbaycan üzrə layihəsinin rəhbəri Arzu Quliyeva Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşündə bildirmişdi.

"QİÇS-in qarşısını almaq məqsədilə narkomanların müalicəsində yeni üsullardan istifadə olunur. Bu üsullardan biri də Avropada geniş tətbiq olunan metadon preparatından istifadədir. Bu yolla müalicə həm də çox ucuz - 1 narkoman üçün il ərzində cəmi 400 manata başa gəlir ", - layihə rəhbəri vurğulamışdı.

Xəbər lenti

Xəbər lenti