...

Azərbaycan Mətbuat Şurası gənclərə daim dəstək göstərir - Əflatun Amaşov

Cəmiyyət Materials 29 Aprel 2011 17:18 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası gənclərə daim dəstək göstərir. Trend-in məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azxeber.com" portalının 1 illik fəaliyyəti ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı deyib.
Azərbaycan Mətbuat Şurası gənclərə daim dəstək göstərir - Əflatun Amaşov

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası gənclərə daim dəstək göstərir. Trend-in məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azxeber.com" portalının 1 illik fəaliyyəti ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı deyib.

Amaşov bu ənənənin davamlı olduğunu xatırladıb. O bildirib ki, xəbər jurnalistika janrları sırasında ən çətinidir. İnternet jurnalistikada isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür.

"Belə görürəm ki, portalda işləyənlər aldıqları jurnalistika təhsilinə sadiq qalmağa çalışır, bilik və bacarıqlarını yeni media imkanları ilə uyğunlaşdırırlar. Şura məhz bu səbəbdən "Azxeber.com"u "Ən perspektivli media qurumu" diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlərə imza atacaq", - Amaşov əlavə edib.

"Azxeber.com" portalının redaktoru Əfsələddin Ağalarov portalın yaranması və 1 il ərzində gördüyü işlər barədə məlumat verib. Onun sözlərinə görə, portal internet jurnalistikadakı fəaliyyətinə "jurfak.tk" bloqu vasitəsilə başlayıb.

"Bloq kollektiv səciyyə daşıyırdı. Burada Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin yazıları, yaradıcılıq nümunələri yayımlanırdı. Daha sonra yaxın əhatəmizdəki insanların, xüsusən də müəllimlərimizin bizə verdiyi stimuldan cəsarətlənərək, fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik. Beləcə 2010-cu ilin 13 aprel tarixində "Azxeber.com" yarandı. Portalda ölkədə və dünyada baş verən ən aktual xəbərlər yerləşdirilir. "Siyasət", "Sosial", "Şou-biznes", "İdman", "Seçdiklərimiz", "Gənclik", "Maraqlı" adlı bölmələrimiz var. Saytımızın gündəlik istifadəçilərinin sayı 2000-3000 arasıdır", - o bildirib.

Portalın rəhbərinə Mətbuat Şurasının diplomu da təqdim olunub.

Tədbirdə çıxış edənlər portalın fəaliyyətini yüksək qiymətləndiriblər və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Xəbər lenti

Xəbər lenti