...

Kanada universitetində Şimali Amerika Azərbaycanlı Gənclərinin I konfransı keçirilib

Cəmiyyət Materials 4 May 2011 11:16 (UTC +04:00)
Aprelin 30-da Toronto Universitetində Şimali Amerika Azərbaycanlı Gəncləri şəbəkəsinin (Azerbaijani Youth of North America-AYNA Network) birinci konfransı keçirilib.
Kanada universitetində Şimali Amerika Azərbaycanlı Gənclərinin I konfransı keçirilib

Azərbaycan, Bakı, 3 may /Trend/

Aprelin 30-da Toronto Universitetində Şimali Amerika Azərbaycanlı Gəncləri şəbəkəsinin (Azerbaijani Youth of North America-AYNA Network) birinci konfransı keçirilib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası (UofT-AzSA) və Azərbaycan -Amerika Şurası (AAŞ) tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, eləcə də Alberta və Vaterloo universitetlərinin tələbələri, Kanadadakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə AYNA-dan bildirilib.

Tədbiri giriş nitqi ilə UofT-AzSA prezidenti və AYNA şəbəkəsinin administratorlarından biri İsgəndər Qədirzadə açıb. O, tədbirin və AYNA şəbəkəsinin məqsədləri barədə danışıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin iki illiyi ilə əlaqədar həmin faciənin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransın birinci hissəsində Kanadanın Türk Federasiyasının nümayəndəsi İlke Hincer və Toronto Universiteti yanında Mərakeş Assosiasiyasının prezidenti Əbdülqədir Filaki çıxış ediblər. Onlar Kanadada türk və Mərakeş diasporunun təcrübə və prioritetləri barədə danışıblar, Azərbaycan icması ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra konfransda əsas məruzə ilə kanadalı jurnalist və "Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan" kitabının müəllifi Skott Teylor çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri barədə danışıb və onun kitabı əsasında hazırlanan sənədli filmi iştirakçılara təqdim edib. Teylor Türkiyə və Azərbaycana, eləcə də regional münaqişələrin qurbanlarına münasibətdə yürüdülən ikili standartlar siyasətini pisləyib. Tədbirdə Skott Teylorun digər işləri, eləcə də İraq türklərinin həyatı haqqında kitabı da təqdim olunub.

Tarixi və müasir Azərbaycan eyniliyi haqqında məruzəylə tədbirin ikinci hissəsində AAŞ baş direktoru, doktor Cavid Huseynov çıxış edib. O, auditoriyanın diqqətini orta əsrlərdə Azərbaycanın etno-milli elementlərinin mövcudluğunu təsdiqləyən Qərb mənbələrinə cəlb edib, eləcə də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının milli özünüdərkin formalaşmasında roluna toxunub, Dağlıq Qarabağın ADR-ə məxsus olması barədə erməni və Qərb mənbələrindən faktlar gətirib.

Tədbirin yekun hissəsi AYNA şəbəkəsinin gələn il üçün planlarının açıq müzakirəsinə həsr edilib. Müzakirələrdə Toronto, Vaterloo və Alberta universitetlərinin tələbələri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. AYNA şəbəkəsi ABŞ və Kanada universitetlərində Şimali Amerikadakı azərbaycanlı gənclərin peşəkar şəbəkələrinin birləşdirilməsi məqsədi ilə tədbirlər silsiləsini davam etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti