...

Litva azərbaycanlıları "Eurovision 2011"-dəki qələbə münasibətilə dünya azərbaycanlılarını təbrik edib

Cəmiyyət Materials 17 May 2011 16:02 (UTC +04:00)
Litva Azərbaycan Cəmiyyəti Azərbaycanın "Eurovision 2011" müsabiqəsində qələbəsi münasibətilə dünya azərbaycanlılarını təbrik edib
Litva azərbaycanlıları "Eurovision 2011"-dəki qələbə münasibətilə dünya azərbaycanlılarını təbrik edib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Hacıyev/

Litva Azərbaycan Cəmiyyəti Azərbaycanın "Eurovision 2011" müsabiqəsində qələbəsi münasibətilə dünya azərbaycanlılarını təbrik edib

Litvadakı Azərbaycan diasporu Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsində qələbə qazanmasını bütün dünya azərbaycanlılarının zəfəri sayır. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Litva İctimai Radiosunun canlı yayımında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev bildirib.

"Azərbaycan nümayəndələrinin bu uğuru gənc ifaçılar Eldar bəylə Nigar xanımın şəxsi yaradıcılıq nailiyyətləri çərçivəsindən çox-çox kənarlara çıxır. Belə ki, bu gözəl nəticə həm də bütün dünya azərbaycanlılarının etnik Vətəni olan doğma Azərbaycanımızın və istedadlı Azərbaycan xalqının zəfəridir", - Həmzəyev əlavə edib.

O bildirib ki, bu uğur nəticəsində Azərbaycanın Avropa ölkələri ilə olan çağdaş münasibətlərinin sərhədləri daha da genişlənib və ölkəmizin çoxyönümlü xarici əlaqələri müstəvisində olduqca münbit bir zəmin yaranıb.

"Azərbaycan təmsilçiləri ötən şənbə günü Düsseldorfda bu önəmli musiqi müsabiqəsində bir axşam ərzində Avropanın musiqi səhərinə və sabahkı mədəniyyətinə elə bir güclü sıçrayış ediblər ki, elə bir ümid və nikbinliklə dolu yaradıcılıq yolu uzadıblar ki, deyərdim ki, bir axşam ərzində elə bir tarixi yol keçiblər ki, dünyanın bir çox xalqları bu yolu illər boyu qət edə bilmirlər", - o vurğulayıb.

Həmzəyev yaranmış bu imkanlardan digər uğurlarımız naminə və növbəti qələbələrimiz üçün, o cümlədən diaspor təşkilatlarının xətti ilə müxtəlif dünya ölkələrində mədəni dəyərlərimizin yayımlanması üfüqlərinin genişləndirilməsi üçün, Avropa məkanında Azərbaycan evinin təməlinin möhkəmləndirilməsi və lobbiçilik işinin gücləndirilməsi məqsədilə səmərəli surətdə istifadə ediləcəyini söyləyib.

O, Litvanın Azərbaycan təmsilçilərinə 8 bal verdiyini qeyd edərək, bu balların toplanmasına Litvadakı Azərbaycan diasporunun üzvləri ilə yanaşı, xalqımızın Litvadakı dostları və mədəniyyətimizin litvalı pərəstişkarlarının da öz töhfələrini verdiklərini bildirib. Mahir Həmzəyev Litva Azərbaycanlıları Cəmiyyətinin ünvanına bu ölkədə Azərbaycana dost münasibət bəsləyən şəxslər, ictimai-mədəni təşkilatlar, siyasətçilər və Litvanın bir sıra milli azlıqlarını təmsil edən qurumlarından təbrik məktublarının gəldiyini vurğulayıb.

Həmzəyev sonda bir daha bütün dünya azərbaycanlılarını bu qələbə münasibətilə təbrik edib və fərəh hissi yaşayan Azərbaycan xalqına ən xoş arzularını ünvanlayıb.

Azərbaycan təmsilçiləri Eldar QasımovNigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan olub (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti