Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında tütündən istifadə ilə bağlı keçirilən ilk sorğu yekunlaşıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev çərşənbə axşamı Trend-ə bildirib ki, sorğu Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) məqsədilə ilə aparılıb.
Sorğu CDC və ÜST-nin Azərbaycanın orta məktəbləri arasından seçilən 25 məktəbin 144 sinfinin 2047 şagirdini əhatə edib. Tədqiqat prosesində şagirdlər siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam, eləcə də məktəb dərsləri haqqında sualları cavablandırıblar.
Musayev deyib ki, sorğunun cavabları ilkin təhlilin aparılması üçün ÜST-yə göndəriləcək.
Bu sorğu Azərbaycanla yanaşı, digər ölkələrdə də aparılıb. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılır.
Musayevin sözlərinə görə, tədqiqatın məlumatlarına əsasən, tütünə dair profilaktika və nəzarət proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mümkündür. Eyni zamanda, tədqiqatın nəticələrindən asılı olaraq, orta məktəblərin təhsil sisteminə tələbata uyğun səhiyyə proqramları daxil etmək olar.
ÜST sorğunun nəticələrini hesabatlarında açıqlayacaq.