Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 836 əcnəbi çıxarılıb.
DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində may ayında 1018 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 182 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 648 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 188 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
66 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.
May ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4206 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.