Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir T.Hacıyev/
Bu gün Binə qəsəbəsində yeni idman zalının açılışı olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tikintisinə 2007-ci ildən başlanan Binə İdman Zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"na əsasən inşa edilib.
İdman zalının inşası üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 0,36 hektar torpaq sahəsi ayrılıb.
İkimərtəbəli idman zalında güləş zalı, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, texniki otaq, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və həkim otağı, sanitar qovşaqlar var.