...

Azərbaycan hökuməti narkotik istifadəçilərinin sayını açıqladı

Cəmiyyət Materials 22 İyun 2011 11:01 (UTC +04:00)
Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunzsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.
Azərbaycan hökuməti narkotik istifadəçilərinin sayını açıqladı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

"Azərbaycan narkotiklərlə mübarizə istiqamətində tədbirlər həyata keçirir. Hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda narkotiklər müsadirə olunub. Ötən il Azərbaycanda narkotik istifadəçilərinin sayı 2500 nəfər artıb, hazırda rəsmi qeydiyyatda 26000-ə yaxın narkotik istifadəçisi var. Azərbaycanda narkotik istifadəçilərinin sayı faktiki qeydiyyata alınanlardan daha çoxdu. Narkomaniya Azərbaycan üçün spesfik problem olmasa da, cəmiyyətin hər bir üzvi bununla mübarizə aparmalıdır", - Həsənov deyib.

Onun sözlərinə görə, ötən il Daxili İşlər Nazirliyi tərəfindən 2 tona yaxın, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 1 ton 200 kq, Dövlət Sərhəd Xidməti tərəfindən 350 kq-dan çox, Dövlət Gömrük Komitəsi tərəfindən isə 300 kq-a yaxın narkotik müsadirə edilib. 350 tona yaxın təbii yolla yetişdirilən narkotik xassəli bitki aşkar edilərək məhv olunub.

Həsənov qeyd edib ki, son 10 ildə dünyada narkotiklərin ümumi istehsalı 78 faiz artıb.

"Son 2 -3 ildə bəzi narkotiklərin istehsalında azalma qeydə alınıb. Kokain 16 faiz, əfqan xaşxaşı 19 faiz azalıb. Buna baxmayaraq, dünyada narkotik istifadəçilərinin sayı artıb. Onların sayı 300 milyon nəfərdən çoxdur. Bunlardan 30 milyonu narkotiki qana yeridənlər, 20 milyondan çoxu problemlilər, 250 milyonu isə narkotikdən ilk dəfə istifadə edənlərdir. Kokainin əsas istehsalçıları Peru, Kolombiya və Malayziyadır. Xaşxaş istehsalı Əfqanıstana məxsusdur, əfqan narkotiki əsasən Rusiya və Qərbi Avropa bazarına daşınır. Əfqanıstan narkotikinin 1 kiloqramı bu ölkədə 2000 dollaradır, Qərbi Avropa bazarında isə 1 kiloqramı 44,3 min dollara satılır. Bu da onu göstərir ki, əfqan narkotikinə Qərbi Avropa bazarında tələbat var. Əfqan narkotiki Azərbaycana da daxil olur. Əsasən üç marşrutla Azərbaycandan keçir. Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Pakistan- İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan. Dördüncü bir marşrut da var ki, bu İran vasitəsilə Dağlıq Qarabağ ərazisinə daxil olur. Seperatçı rejim tərəfindən DQ-dən Rusiya və Qərbi Avropaya daşınır", - Baş nazirin müavini əlavə edib.

BMT-nin qərarı ilə 26 iyun dünyada narkotiklərlə mübarizə günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti