...

İyunun 29-dək magistraturaya qəbul imtahanının nəticəsi açıqlanacaq

Cəmiyyət Materials 27 İyun 2011 14:31 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələri iyunun 29-dək açıqlanacaq.
İyunun 29-dək magistraturaya qəbul imtahanının nəticəsi açıqlanacaq

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələri iyunun 29-dək açıqlanacaq. Bunu bazar ertəsi Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, imtahanlar iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilib.

"Hər 3 şəhərdə imtahanlar normal keçib və imtahanın nəticələri TQDK-ya təqdim edilib. Bu gün səhərdən bakalavrların cavablarının emalı aparılır, eyni zamanda, imtahan protokolları oxunur. Magistraturaya qəbul olmaq istəyən bakalavrlar bəzi proqramlara daxil olan ixtisaslaşmalar - jurnalistika və filologiyanın müxtəlif sahələri üzrə yazı imtahanı veriblər. Ona görə də cavabların emalı vaxt tələb edir", - Nağızadə qeyd edib.

TQDK rəsmisi imtahan nəticələrinin www.tqdk.gov.az saytında yerləşdiriləcəyini də söyləyib.

İmtahanın ikinci mərhələsində fevralın 20-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 8000-ə yaxın bakalavr iştirak edib. Onlardan 6809-u Azərbaycan, qalanları rus bölməsinin məzunlarıdır.

Bu il magistraturaya qəbul aparılan ixtisaslaşmalar üçün 5815 plan yeri ayrılıb. Qəbul planı ötən illə müqayisədə 10,9 faiz (2010-cu ildə 5242 yer) artıb. Ötən illə müqayisədə bu il imtahanın II mərhələsində iştirak edən bakalavrların sayında da 20 faiz (ötən il 6809 bakalavr) artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti