...

Azərbaycanda heyvanlarda xəstəliklərin monitorinqini aparan iki laboratoriyanın açılışı olub (FOTO)

Cəmiyyət Materials 28 İyun 2011 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi Azərbaycanın İmişli və Sabirabad rayonlarında heyvanlarda xəstəliklərin monitorinqini aparan yüksək texnologiyalı iki laboratoriyanın açılışını həyata keçirib.

Trend-in məlumatına görə, hər iki laboratoriyanın açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova laboratoriyaların inşasına 2 milyon ABŞ dollarından çox vəsait sərf olunduğunu deyib.

O bildirib ki, bu layihə bioloji əməkdaşlıq proqramı vasitəsilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilib.

Laboratoriyaların hər birində 10-15 nəfərin işləyəcəyini deyən Rüstəmova qeyd edib ki, müəssisələr müasir diaqnostika avadanlıqları ilə təchiz olunub.

Onun sözlərinə görə, laboratoriyaların xüsusi təhlükəli xəstəliklərin aşkarlanması və epidemiyaların qarşısının alınmasında əvəzsiz rolu olacaq.

ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin icraçı direktoru Ronni Fearklos deyib ki, laboratoriyaların istifadəyə verilməsi nəticəsində Azərbaycanda təhlükəli viruslarla mübariz aparmaq mümkün olacaq.

"Məqsədimiz qlobal düşmən olan xüsusi təhlükəli patogenlərə qarşı mübarizə aparmaqdan ibarətdir", - Fearklos deyib.

Onun sözlərinə görə, laboratoriyaların fəaliyyətindən tək Azərbaycan deyil, bütün region bəhrələnəcək.

İnşasına 2009-cu ilin aprelində başlanmış bu müəssisələrin hər biri 5 rayonu əhatə edəcək.

Yaxın vaxtlarda Bərdə, Qax, Quba və Göygöl rayonlarında da belə laboratoriyaların tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Hər laboratoriya 5 rayonu əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti